"Bu, Türkiyədə gələcək nəsilləri yeni fəlakətlə üz-üzə qoya bilər” - Ekspert

“Türkiyədə zəlzələ baş vermiş ərazilərdə yenidənqurma və tikinti işlərinin aparılması gələcək nəsilləri yeni fəlakətlə üz-üzə qoya bilər”.

 

Sfera.az bildirir ki, bunu əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.

 

O qeyd edib ki, ərazilərin dağıntılardan təmizlənməsi, yeni yolların çəkilməsi, infrastrukturların qurulması uzun zaman alacaq:

 

“Bu isə Türkiyə hökumətinin həmin ərazilərin yenidən qurulması ilə bağlı xalqa verdiyi 1 illik vədlə üst-üstə düşmür. Ölkəmizdə köhnə binaların sökülərək yeni binalarla əvəzlənmə prosesinə nəzər salsaq, təcrübədə bu proses təqribi 2,5-3 il müddətə başa gəlir.  Binanın sökülməsi, ərazinin təmizlənməsi, tikintidə bünövrənin qazılması, betonlanması və quruması, ara divarların hörülməsi, suvanması və mənzillərin daxili təmiri müəyyən bir zamana başa gəlir. Təbii ki, bu proses zamanından tez, yəni beton hissələr qurumadan baş verərsə, o zaman tikinti bitdikdən sonra çökmələrin olması qaçılmazdır”.

 

Ekspert qeyd edib ki, sözügedən ərazilər seysmik zonada yerləşir və zəlzələyə meyillidirlər:

 

“Düşünürəm ki, o ərazilərdə yenidənqurma işlərinin aparılması qadağan olunmalı və həmin yaşayış massivləri zəlzələyə meyilli olmayan digər ərazilərdə tikilməlidir. Bu, həm tikinti işlərinin sürətləndirilməsinə gətirib çıxara bilər, həm də gələcəkdə zəlzələ baş verəcəyi halda bölgəni təlafat və dağıntılardan qorunmuş olar”.

 

Türkan

 


OXŞAR XƏBƏRLƏR