“Xüsusilə qız övladı olan valideynlər...” – Psixoloqdan ikinci evliliklə bağlı məsləhət

“Xüsusilə qız övladı olan valideynlər...” – Psixoloqdan ikinci evliliklə bağlı məsləhət

Paytaxtda ögey atası tərəfindən zorlanan və daha sonra öldürülən yeniyetmə ilə bağlı xəbər geniş müzakirələrə səbəb olub.

 

Maraqlıdır, valideynlər ikinci dəfə ailə qurarkən partnyorları ilə bağlı hansı məsələlərə diqqət yetirməlidirlər? Zorakılıq halları uşağın davranışında özünü necə biruzə verir?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Azərbaycan Milli Elmlər Akademiyasının doktorantı, psixoloq Əli Xəlilov valideynlərin ikinci evliliklə bağlı qərar verərkən uşaqlarını da düşünməli olduqlarını bildirib:

 

 

“İlk dəfə 1962-ci ildən Amerika Tibb Assosiasiya tərəfindən "xəsarət almış uşaq sindormu" ifadəsi işlədilir. Sonradan bu termin dəyişərək "uşaq istismarı" adı ilə tanındı. Müxtəlif ölkələrin təcrübəsində də görürük ki, ata və analar uşaqlarına qarşı pis davrana bilirlər. Sanki bəzilərində stereotip formalaşıb ki, uşaq ögeydirsə, ona doğma yanaşmaq olmaz. Valideyn ikinci dəfə ailə qurmaq istəyirsə, mütləq şəkildə partnyorunu araşdırmalıdır. Birinci evlilikdə özünün xoşbəxt olmasını düşünən insan ikinci evlilikdə övladlarının da xoşbəxt olmasını düşünməlidir. Bu məsələdə uşaqların yaş kriteriyaları da önəmlidir. Məsələn, yetkinlik yaşına çatmayan uşaqlar valideynlərinin ikinci evliliyini heç cür qəbul edə bilmirlər. Xüsusilə övladları qız olan valideynlər bu məsələyə daha diqqətli yanaşmalıdırlar”.

 

Mütəxəssis zorakılığa məruz qalan uşaqların davranışlarından da söz açıb. Ə.Xəlilov cinsi zorakılığa məruz qalan uşaqların travmalarının daha uzunmüddətli olduğunu qeyd edib: 

 

“Zorakılığın emosional, fiziki, cinsi olmaqla müxtəlif növləri var. Fiziki zorakılıq növündə güc tətbiq edərək uşağa zərər verilməsi, fiziki şiddət nəzərdə tutulur. Cinsi zorakılıqda adından da göründüyü kimi, təcavüz halı nəzərdə tutulur. Ruhun yaralanması, bundan sağalmaq uzun çəkən prosesdir. Ona görə bu, uşaqların şüuraltısında qalır, onlarla xüsusi şəkildə işləmək lazımdır. Zərərçəkmiş uşaqlar göz kontaktından qaçırlar, insanlarla əlaqə qurmaq istəmirlər, zərərvermiş şəxslərə qarşı xüsusi həssas olur, onlara baxmaqdan belə çəkinirlər. Bundan sonra uşağın aqressiyası artdıqca öz yaşıdlarına, özündən zəiflərə qarşı daha sərt yanaşmağa başlayır. Gecələr qəfil oyanma, qorxulu yuxular görmək, qışqırma kimi davranışlar uşağın hansısa zorakılığa məruz qalmasına işarədir”.

 

Psixoloq bəzi hallarda valideynlərin sosial şəbəkədə saxta ailə tablosu yaratdığını vurğulayıb. Müsahibimizin sözlərinə görə, valideynlər bəzən öz aralarında yaşanan problemin heyfini uşaqdan çıxırlar:

 

“İnsanların uşaqlara qarşı zorakılıq tətbiq etməsi isə psixoloji problemlə bağlıdır. Bəzən elə hallar olur ki, zorakılığa məruz qalmış şəxslər bunun eynisini böyüdükdən sonra azyaşlılara tətbiq edir. Partnyorlar öz aralarında problem yaşayarkən bəzən uşaqlardan istifadə edirlər. Yəni öz hirslərini uşaqlara zorakılıq tətbiq etməklə soyudurlar. Əksər hallarda "sevimli oğlum, "sevimli qızım" başlığı ilə sosial şəbəkədə foto paylaşan şəxslərin uşaqları qəbuluma gələndə son dəfə valideynləri ilə yaxın təmasın ancaq fotoda olduğunu deyirlər. Həmin valideynlər danışanda da etiraf edirlər ki, onlar üçün əsas karyera və işdir, ailə ikinci plandadır”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR