Naksa Bibi dağıntılar altında 63 gün necə sağ qalıb? – Zəlzələ hekayələri

Naksa Bibi dağıntılar altında 63 gün necə sağ qalıb? – Zəlzələ hekayələri

Məlum olduğu kimi, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

 

Zəlzələdə həlak olanların sayı 41 000-i ötüb, 91 511 yaralı var. 20 000 nəfər isə dağıntılar altından xilas edilib.

 

Hazırda Türkiyədə xilasetmə-axtarış tədbirləri davam etdirilir.

 

Maraqlıdır, zəlzələnin 14-cü günündə dağıntılar altından sağ insanın çıxma ehtimalı nə qədərdir?

 

Sfera.az bu cür fəlakətlər uzun müdət zamanı dağıntılar altında sağ qalaraq, xilas edilən şəxslər haqqında yazını təqdim edir:

 

1995-ci ildə Cənubi Koreyada baş verən zəlzələdən 10 gün sonra dağıntılar altından bir nəfər sağ çıxarılıb. Onun yağış suyu içərək və karton qutu yeməklə sağ qaldığı bildirilib. O, zehnini aktiv saxlamaq üçün oyuncaqla oynayıb.

 

2005-ci ilin oktyabrında Pakistanda baş verən zəlzələdən 63 gün sonra Naksa Bibi adlı 40 yaşlı qadın mətbəxinin dağıntıları altından çıxarılıb. Qadının mətbəxdə olması qida ehtiyacını qarşılamağa kömək edib.

 

2010-cu ilin yanvarında Haitidə 220 000-dən çox insanın ölümü ilə nəticələnən zəlzələdə bir nəfərin 27 gün sonra dağıntılar altından çıxarıldığı bildirilib.

 

2013-cü ilin mayında isə bir qadın fabrikin dağılmasından 17 gün sonra dağıntılar altından çıxarılıb. Xilas ediləndən sonra “bir neçə gün xilasedicilərin səsini eşitdim. Onların diqqətini cəlb etmək üçün çubuqlar və dəmir barmaqlıqlarla dağıntıları vurdum. Heç kim məni eşitmədi. 15 gün quru yeməklə qidalandım. Son iki gündə sudan başqa heç nəyim yox idi", - deyə bildirib.

 

Mütəxəssislərin fikrincə, dağıntılar altında qalan şəxslərin uzun müddət sağ qalması üçün əsas amil psixoloji güc və nəzarətdir.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR