ABŞ-Çin münasibətləri yenidən GƏRGİNLƏŞİR - SƏBƏB

ABŞ-Çin münasibətləri yenidən GƏRGİNLƏŞİR - SƏBƏB

İki fövqəldövlət olan ABŞ və Çin arasında şar böhranı bir qədər yumşalsa da, ABŞ-dan Tayvana planlaşdırılan yüksək səviyyəli səfər münasibətləri yenidən gərginləşdirə bilər. 


Sfera.az “Financial Times”a istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin Çin üzrə müşaviri Maykl Çeyz yaxın günlərdə Tayvana səfər edəcək. Bu, ötən ilin avqust ayında baş tutan Nensi Pelosinin səfərini nəzərə almasaq, yüksək rütbəli amerikalı məmurun son 40 il ərzində Tayvana ikinci səfəri olacaq. 


ABŞ Prezidenti Co Bayden şar böhranını müzakirə etmək üçün Çin Prezidenti Si Cinpin ilə görüşmək niyyətində olduğunu bildirib. Bayden Çinlə rəqabəti məsuliyyətlə idarə edəcəklərini və böhrana çevirməyəcəklərini söyləyib. 


Buna baxmayaraq, Çin ABŞ-ın 2 silah istehsalçısının ixracına qadağa qoyub. Bu yaxınlarda ABŞ-ın iki silah istehsalçısı Tayvana 1,1 milyard dollarlıq silah satıb. Çinin Ticarət Nazirliyindən verilən açıqlamada ABŞ-ın “Lockheed Martin” və “Raytheon”un törəmə şirkətləri Tayvana silah satdığına görə "etibarsız təşkilatlar siyahısı"na salındığı açıqlayıb. Bəyanatda bu şirkətlərin Çinlə bağlı idxal-ixrac fəaliyyətlərinin qadağan olunduğu, həmçinin şirkətlərin ölkəyə yeni investisiyalar yatırmalarının və yüksək vəzifəli şəxslərinin Çinə daxil olmasının qarşısının alınacağı bildirilib. 


Gözlənilir ki, ABŞ Çinə adekvat cavab verəcək və iki ölkə arasında siyasi münasibətlərlə yanaşı, iqtisadi münasibətlər də ağırlaşacaq. Hazırda dünyada iqtisadi və siyasi vəziyyətin ürəkaçan olmadığını nəzərə alsaq,  ABŞ-Çin münasibətlərinin gərginləşməsi qlobal iqtisadi və siyasi mənzərəni bir qədər də pisləşdirə bilər. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR