Türkiyəyə zəlzələ nəticəsində dəyən zərər: Tam kompensasiya etmək üçün nə qədər vəsaitə ehtiyacı var?

Türkiyəyə zəlzələ nəticəsində dəyən zərər: Tam kompensasiya etmək üçün nə qədər vəsaitə ehtiyacı var?

Dünən Türkiyədə keçirilən və Azərbaycanda da canlı yayımlanan “Türkiyə, tək ürək” yardım kampaniyasında yığılan pul zəlzələ nəticəsində baş verən dağıntıları, dəyən iqtisadi zərəri tam kompensasiya edə bilməyəcək. 


Sfera.az xəbər verir ki, qeyd edilən kampaniya zamanı 115 milyard lirə, yəni 6,12 milyard dollar vəsait toplanıb. Bu qədər vəsaitlə dağılan və ya ciddi zərər alan tikililərin kiçik hissəsini yenidən bərpa etmək mümkün olacaq. 


Açıqlanan rəsmi məlumatlardan və onların əsasında aparılan ilkin hesablamalardan görünür ki, Türkiyənin kampaniyada yığılandan ən azı 10 dəfə çox vəsaitə ehtiyacı olacaq. 


İlkin qiymətləndirmələrə əsasən, Türkiyədə zəlzələ nəticəsində zərər görən evlərin sayı 2 milyon 175 mindir. Bu evlərin bir hissəsi dağılmış və ya zədələnmə səbəbindən dağıdılacaq 41 min 791 ədəd çoxmənzilli binada yerləşir. 


Hökumət ilkin mərhələdə 105 kvadrat metr sahəsi olan 30 min ev tikməyi planlaşdırır. Sonradan tədricən başqa evlərin də tikilərək sahiblərinə təhvil verilməsi nəzərdə tutulur. 


2022-ci ilə aid olan məlumatlara görə, Türkiyədə orta keyfiyyətli, təmirli mənzilin 1 kvadrat metrinin maya dəyəri 5 min lirəyə başa gəlir. Layihələndirilən ölçüdə mənzillər tikilərsə, bir mənzilin orta dəyəri 525 min lirə, yəni 28 min dollar olacaq. Əgər 500 min mənzil tikintisi həyata keçirilərsə, 14 milyard dollar, 1 milyon mənzil üçün 28 milyard dollar, 2,175 milyon ədəd mənzil üçün 61 milyard dollar pul lazım olacaq. 


Yaşayış sahələrindən başqa ərazidə çoxlu sayda otellər, ticarət və xidmət obyektləri, dövlət və bələdiyyə idarələri var. Bunlardan başqa zəlzələ nəticəsində infrastruktura da ciddi zərər dəyib. Dəmir yollarının tikintisi və ya təmiri, elektrik, su, kanalizasiya, qaz xətlərinin çəkilişi böyük vəsait tələb edir. 


Ərazidə yaşayan insanların daşınar əmlaklarına da böyük zərər dəyib. O cümlədən, avtomobillər, ev əşyalarına da dəyən zərər kompensasiya edilməlidir. 
Türkiyə Müəssisələr və İş Dünyası Konfederasiyasının ilkin qiymətləndirməsinə görə Türkiyənin zəlzələ ilə əlaqədar xərcləri 84 milyard dolları ötəcək. Bunun 71 milyard dolları məhz mənzil tikintisinə çəkilən xərc olacaq. 


Göründüyü kimi, Türkiyənin zəlzələnin nəticələrini aradan qaldırmaq üçün böyük məbləğdə vəsaitə ehtiyacı olacaq. Yardımlar hesabına Türkiyə hökuməti bu xərcin ən yaxşı halda 20 faizini qarşılaya biləcək. Bərpa və yenidənqurma üçün lazım olan vəsaitin qalanı xarici borclanma ilə cəlb edilməlidir. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR