Ölkədə selektiv abortlar təhlükəli həddədir? – “12 yaşlı qızlara elçi gedirlər ki...”

Ölkədə selektiv abortlar təhlükəli həddədir? – “12 yaşlı qızlara elçi gedirlər ki...”

Ötən gün tanınmış telejurnalist Cəlalə Nəzəroğlu sosial şəbəkə hesabında qız uşaqlarının abort edilməsi probleminə toxunub. O, bu səbəbdən də indi valideynlərin oğlanlarını evləndirmək üçün qız tapa bilmədiyini deyib.

 

Xüsusilə cənub bölgəsini nümunə çəkən jurnalist “bu bölgədə 11-12 yaşındakı qızlara elçi gedirlər, nişanlayırlar ki, heç olmasa, 15-16 yaşında toyunu edərik, əsas odur, bilək ki, qız özümüzə aiddir”, deyə söyləyib.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən sosioloq Lalə Mehralı qeyd edib ki, hazırkı vəziyyət Cəlalə Nəzəroğlunun dediyi qədər dəhşətli deyil:

 

“8-10 il bundan əvvələ qədər qız uşaqlarının abortları kütləviləşmişdi. Həmin zamanlarda selektiv abortlarla bağlı statistika yaxşı deyildi. Düzdür, bu da tam reallığı əks etdirmirdi, qanunsuz formada abortlar, evdə “uşaq salmalar” statistik məlumatlara daxil olmurdu. Ona görə vəziyyət əvvəl daha təhlükəli idi. Amma indi müşahidələrimə əsasən deyə bilərəm ki, selektiv abortlar o səviyyədə deyil. Gənc nəsil üçün daha oğlan, qız seçimi yoxdur - övladları arasında fərq qoymayan nəsil yetişir. Bu, sevindirici haldır. Əvvəlki nəsil də bir öncəki nəsildən təsirlənərək bu addımı atırdı. Valideynlər adətən “oğlum olmasa, nəslin davamçısı olmayacaq, soyadım itəcək”, kimi düşüncələrlə bunun faciəvi olduğunu fikirləşirdilər. Gənclərimiz isə bunun o qədər də əhəmiyyətli olmadığının fərqindədirlər”.

 

Müsahibimiz qeyd edib ki, bölgələrdə erkən yaşda nikah mövzusu isə kifayət qədər vacibdir:

 

“Cəlalə Nəzəroğlu haqlıdır, 13-14 yaşlarında qızların evləndirilməsi faktları var. Bütün bölgələrdə belə olduğunu demək olmaz, amma bəzi rayonlarda bunu müşahidə edə bilirik. Təəssüf ki, valideyn öz vəziyyətini nəzərə alaraq belə qərarlar verirlər. “Xəstəyəm, övladımın xeyir işini görüm”, “Nənəsi nəvəsinin toyunu görmək istəyir”, “Bu gün övladımın gələcəyini bilim, sabah başıma nə gələcək bəlli deyil, övladımdan nigaran getməyim” və.s kimi fikirlərlə özlərinə təskinlik verirlər, amma əslində uşağın həyatını məhv edirlər. Təhsil almalı olan uşaqlar gəlin köçməyə hazırlaşır.

 

Bu məsələdə cəmiyyətin boyununa yük düşür. Biz bunun qanunlara zidd olduğunu bilib polisə məlumat verməsək, hələ çox uşaqlarımız bu yola sürüklənəcək. Lakin təəssüf ki, əksəriyyət “məndən ötdü sənə dəydi” misalı qarışmaq istəmirlər. Hamımız bu cür vəziyyətlərdə bəzən yerli nəzarət edən polislərin  müəyyən rüşvət qarşılığında susa bildiyini bilirik. Bunu təbii ki, bütün polis oqranlarına aid etmirəm. Amma bir sıra boşluqların olduğunu da görürük. 13-14 yaşlı qızların evlənməsinə etiraz etməyən hər kəs əslində bu məsələdə günahkardır. Cəmiyyət daha çox fərqində olmalı, dövlət orqanları ilə birgə işləməlidir”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR