Həbs olundu, saçını kəsərək AES-ə etiraz etdi, zəlzələdə uşağın həyatını qurtardı... - Türkiyənin xeyirxah rokçusu Haluk Levent kimdir?

Həbs olundu, saçını kəsərək AES-ə etiraz etdi, zəlzələdə uşağın həyatını qurtardı... - Türkiyənin xeyirxah rokçusu Haluk Levent kimdir?

Türkiyədə yaşanan böyük fəlakətdən sonra zəlzələ qurbanlarının qayğısına qalmağa çalışan, əlində olan bütün imkanları səfərbər edən Haluk Levent həm sosial mediada, həm də dünya mediasında gündəm olub. Qurucusu olduğu “AHBAP” dərnəyi vasitəsilə prosesin əvvəlindən bəri yardım edən müğənninin həyatı ilə bağlı təfərrüatlar isə maraq obyekti olub.

 

Sfera.az onunla bağlı məlumatları araşdırıb.

 

Haluk Levent 26 noyabr 1968-ci ildə Adananın Yüreğir mahalının Yamaçlı məhəlləsində anadan olub. Doqquz uşağın səkkizincisi olan Levent ailəsinin Nüseyrilərdən olduğunu, lakin ərəb olmadığını deyir. O, universitetə qəbul imtahanlarından keçsə də, təhsilini davamlı etdirə bilməyib. Ailəsinin maddi sıxıntısı da bu prosesdə mühüm rol oynayıb. Bu illər ərzində ticarətlə məşğul olan Haluk işində uğursuz olduğuna görə Adananı tərk edib. İlk albomunun adının “Yollarda” olması da həmin zamanlar yaşadığı hadisələrə görə olub. O, bir çox şəhərləri gəzib, mahnı oxuyub. Bəzən küçələrdə gəzib mahnı oxuyaraq xəstə uşalara pul yığmağa çalışıb, bu cəhdlərin bəziləri uğurlu olub.

 

Barlardan səhnəyə...

 

1992-ci ildə İstanbula gələn Haluk Ortaköydə müxtəlif barlarda işləyib. O, məşhur musiqiçi Yıldıray Gürgenlə tanış olub. Bundan əlavə, Serdar Öztop və Akın Eldes kimi musiqiçilərlə çalışaraq albomlarının keyfiyyətini artıra bilib. Nəhayət, 1993-cü ilin iyulunda o, "Yollarda" albomunu çıxarıb. Bu albom həm də 70-ci illərdə Anadolu rok musiqisinin ortaya çıxmasından sonra ikinci yüksəliş dövrünün ilk əsərlərindən biridir. Sözügedən albom gözlənilmədiyi halda, təxminən iki yüz min satış rəqəminə çatıb. İlk albomundan sonra 1995-ci ilin oktyabrında “Bir gecə vaxtı” adlı albomu da bir milyona yaxın satış rəqəmi əldə edə bilib. Sənətçi 1996-cı ildə çıxardığı “Dost” adlı albomu ilə Anadolu rok musiqisinin ən uğurlu musiqi nümunələrindən birini yaradıb.  

 

9 aylıq həbs həyatı...

 

1997-ci ilin avqustu isə Haluk üçün heç də yaxşı olmayıb. Belə ki, o, 10 ilə yaxındır qurtula bilmədiyi bir kommersiya işinə görə (3 milyon lirəlik qarşılıqsız çek) 9 ay müddətinə həbs olunub.

 

Həbsxanada olarkən sənətçi uzun saçlarını kəsdirərək planlaşdırılan atom elektrik stansiyası layihəsinə etiraz olaraq Akkuyuya göndərib.

 

O, həbsxanaya getməmişdən əvvəl yaratdığı səs yazıları ilə "Məktub" albomunu çıxarıb, eyni zamanda ilk kitabını – “Pişik körpüsü”nü dərc etdirib. Həbsdən çıxandan sonra onun yeni albomunu hazırlamağa çox az vaxtı qalmışdı - Haluku 18 aylıq hərbi xidmət gözləyirdi. Bu şərtlər altında 1998-ci ilin sentyabrında “Yenə ayrılıq” albomunu çıxarıb və  əsgərliyə yollanıb. 

 

İllər öncə zəlzələdə can qurtaran sənətçi..

 

1999-cu il zəlzələsindən sonra o, İzmitdə  işləyib və çadırların qurulmasına kömək edib. Sənətçi zəlzələdən zərər çəkənlərin xeyrinə konsertlər verib.Hətta məlumata görə, Haluk 1999-cu il zəlzələsində dağıntılar altından bir uşağı xilas edib.

Əsgərlikdən sonra o,  2001-ci ilin fevralında "Kral Çılpaq", 2002-ci ilin oktyabrında "Bir kişinin gündəliyi", 2004-cü ilin sentyabrında "Aç pəncərəni" və 2005-ci ilin aprelində "Anamın mahnıları" albomlarını buraxıb.

 

Xeyirxah rokçu...

 

Türkiyədə ən çox konsert verən sənətçilərdən biri olan Haluk Levent bu konsertlərin çox mühüm hissəsindən heç bir pul almayaraq, gəliri ehtiyacı olan xəstələrə bağışlayıb. Buna görə də o, “xeyirxah rokçu” adını alıb. Eyni zamanda ətraf mühit problemlərinə həssaslığı ilə seçilən sənətçi Türkiyənin müxtəlif bölgələrində bu cür layihələrə qarşı məhkəmə iddiaları qaldırıb və mübarizə aparıb. Sənət həyatına on iki albom, min konsert, iki kitab, yüzlərlə mükafat, xeyriyyə konserti, iki rekord konsert (on iki saat) sığışdırıb. Onun 2017-ci ildə platforma olaraq başladığı, daha sonra “Ahpab” adlandırılan dərnəyi tələbələrə təqaüd, tibbi cihaz və dərman təminatı, müxtəlif yardımlar, tədbirlər, qan və kök hüceyrə kampaniyaları, maarifləndirici fəaliyyətlər təşkil edir. Haluk Levent 2004-cü ildə evləndiyi Neslin Yonarlarla 2017-ci ildə boşanıb. Onun  Ela adlı bir qızı var.

 

Qeyd edək ki, ötən gün Türkiyəli müğənni Haluk Levent Kahramanmaraşın Pazarcık bölgəsinə yardım aparan zaman avtomobil qəzası keçirib. Hazırda səhhəti yaxşıdır.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR