Azərbaycan əhalisi yanvarda ərzağa 22 faiz çox pul xərcləyib – STATİSTİKA

Azərbaycan əhalisi yanvarda ərzağa 22 faiz çox pul xərcləyib – STATİSTİKA

2023-cü ilin yanvar ayında Azərbaycan əhalisi ərzaq mallarının alışına 2,171 milyard manat pul xərcləyib. 


Sfera.az açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin yanvar ayı ilə müqayisədə əhalinin ərzaq xərcləri real müqayisədə 2,4 faiz, bazar qiymətləri ilə müqayisədə isə 21,9 faiz artıb. 


Ötən ilin yanvarında ərzaq mallarının alınmasına 1,781 milyard manat xərcləyən əhali, bu ilin birinci ayında 2,171 milyard manat xərcləməli olub. Bir ildən sonra bazar qiymətləri ilə əhalinin ərzaq xərclərində 390 milyon manat artım müşahidə edilib. 


Ərzaq mallarına çəkilən xərcdəki artım sürəti digər malların alışına xərclənən puldakı artım sürətini qabaqlayır. 


Belə ki, bu ilin yanvarında əhali pərakəndə ticarət obyektlərindən 4,28 milyard manat dəyərində mal alıb. Ötən ilin yanvarında eyni xərclər 3,63 milyard manat idi. Bu il əhalinin ticarət xərclərinin 650 milyon manat və ya 17,9 faiz artması müşahidə edilib. 


Müqayisə göstərir ki, əhalinin xərclərindəki hər 100 manatlıq artımın 60 manatı ərzaq xərclərindəki artımın hesabına olub. 


Ərzaq xərclərinin daha çox artması inflyasiya ilə bağlıdır. Yanvarda illik müqayisədə ərzaq mallarının dəyəri 18,1 faiz artıb. Başqa sözlə, əhali ötən ilin yanvarında 100 manat dəyərində olan ərzağın alınmasına bu ilin yanvarında 118,1 manat xərcləyib. 


Bahalaşma ilə yanaşı əhalinin sayının və gəlirlərinin artması da xərclərin artımına müsbət təsir edib. Lakin bu amillərin xərclərdəki artıma təsiri inflyasiya ilə müqayisədə bir neçə dəfə az olub. 


Deməli, inflyasiya hələ də əhalinin xərclərindəki artımda əsas faktor kimi qalır. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR