POS-terminalların sayı Bakının hesabına artır

POS-terminalların sayı Bakının hesabına artır

Azərbaycanda artıq əksər ticarət və xidmət müəssisələrində POS-terminallardan istifadə edilir. Bu cür terminallardan istifadə həm qanunvericiliyin tələbidir, həm də əhali arasında plastik kartlardan istifadə səviyyəsinin artması ilə bağlıdır. 


Sfera.az bildirir ki, baş verən dəyişikliklər müsbət xarakterlidir. Lakin bu dəyişikliyin əsasən Bakıda olması yaxşı əlamət deyil. 


2023-cü ilin yanvarın 1-nə olan məlumata əsasən, Azərbaycanda 79 820 ədəd POS-terminal quraşdırılıb. Onların 53 820 ədədi, yəni 67,4 faizdən çoxu Bakıdadır. 
POS-terminalların ümumi sayı 2020-ci ildən artır. Məlumatlardan görünür ki, artımda Bakının payı daha böyükdür. 2020-ci ildən bəri terminalların sayı ölkə üzrə təxminən 22 min ədəd artıb ki, bunun da 16 mindən çoxu Bakının hesabına təmin edilib. Başqa sözlə, yeni quraşdırılan hər 100 terminalın 73 ədədi Bakıda istifadəyə verilib. Bu o deməkdir ki, ölkəmizdə POS-terminal sayındakı artım daha çox Bakıdakı aktivlik hesabına baş verir.


POS-terminallardan daha çox Bakıda istifadə edilməsi əslində mühüm indikatordur. 


Bu cür terminalların çoxunun Bakıda olması ondan xəbər verir ki, Azərbaycan iqtisadiyyatının aktiv hissəsi məhz paytaxtda cəmləşib. Rəsmi məlumatlar da təsdiq edir ki, ölkəmiz üzrə muzdlu iş yerlərinin çoxu paytaxtdadır, daha yüksək əməkhaqqı və pensiya buradadır, eyni zamanda pərakəndə ticarət dövriyyəsinin, pullu xidmətlərin çox hissəsi Bakıda həyata keçirilir. Sadalanan amillərin təsiri ilə Bakı POS-terminalların istifadə edildiyi əsas məkana çevrilib.


Vasif

 


OXŞAR XƏBƏRLƏR