Azərbaycanda inflyasiya təkrəqəmli səviyyəyə enəcək - BU TARİXDƏ

Azərbaycanda inflyasiya təkrəqəmli səviyyəyə enəcək - BU TARİXDƏ

Azərbaycanda ötən ilin oktyabr ayından sonra illik inflyasiya sürətində zəifləmə davam edir. Bu proses 2023-cü ilin yanvarında da müşahidə olunub. 


Sfera.az xatırladır ki, 2022-ci ilin sentyabr və oktyabr aylarında illik qiymət artımları 15,6 faiz səviyyəsinə qalxmaqla son illərin ən yüksək həddinə çatmışdı. Həm Mərkəzi Bankın, həm də hökumətin müvafiq tədbirlərindən sonra, eyni zamanda dünyada qiymət artımlarının səngiməsinin köməkliyi ilə ölkəmizdə də qiymət artımlarının sürəti zəifləyir. 


Belə ki, illik inflyasiya 2022-ci ilin noyabrında 15,1 faizə, dekabrında 14,4 faizə, 2023-cü ilin yanvarında isə 13,6 faizə geriləyib. Son 3 ayda illik qiymət artımlarının sürətinin 2 faiz bəndi azalması qeydə alınıb.


İnflyasiyanın sürətinin zəifləməsi qida mallarının və pullu xidmətlərin dəyərindəki artım sürətinin zəifləməsi ilə bağlıdır. Ötən ilin sentyabrında qida mallarında inflyasiya 22,5 faiz olduğu halda noyabrda 20,8 faizə, dekabrda 19,7 faizə, bu ilin yanvarında 18,1 faizə düşüb. 


Pullu xidmətlərdə isə illik inflyasiya öktyabrda 12 faizə çatdıqdan sonra dekabrda 10,2 faizə, yanvarda 9,7 faizə enib. 


Müqayisə edilən üçaylıq dövrdə yalnız qeyri-ərzaq mallarının dəyərində artım sürəti güclənib. Ötən ilin oktyabrında qeyri-ərzaq mallarında inflyasiya 12 faiz olduğu halda, bu ilin yanvarında 12,2 faiz təşkil edib. 


Təhlillər göstərir ki, əgər qeyri-ərzaq mallarında da bahalaşma sürəti ərzaq və pullu xidmətlərdə olduğu kimi zəifləsəydi, ümumi qiymət artımının sürəti bir qədər də düşəcəkdi. 


Bununla belə qeyd edək ki, qarşıdakı aylarda illik inflyasiya sürəti bir qədər də zəifləyəcək. Bunun 2 səbəbi var. 


Birincisi, qlobal ərzaq qiymətlərində davamlı enmə baş verir. Artıq ərzaq qiymətlərində enmə 10-cu ayına keçib. Eyni zamanda qlobal səviyyədə qeyri-ərzaq mallarının da dəyəri sabitləşib, hətta bəzi məhsullar bir qədər ucuzlaşıb. 


İkincisi isə ötən il güclü inflyasiya səbəbindən ölkəmizdə qiymət səviyyəsi xeyli yüksəlib. Bir qayda olaraq müqayisə edilən əvvəlki ildə qiymət səviyyəsi yüksəldikdə növbəti ildə inflyasiya sürətinə dair göstəricilərin azalması ehtimalı böyük olur. Azərbaycanda da 2022-ci ildə bahalaşma sürəti yüksək olduğundan 2023-cü ildə bahalaşma tempinin azalması ehtimalı var. 


Hər iki səbəblə əlaqədar 2023-cü ildə hər ay illik inflyasiya sürətinin azalması ehtimalı böyükdür. Bu dinamikanın noyabr ayına kimi sürətlə gedəcəyini proqnozlaşdırmaq olar. Hətta sentyabra kimi illik inflyasiya sürətinin təkrəqəmli həddə düşməsi də realdır. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR