İnflyasiyanın sürəti zəifləyir – Yanvarda qiymət artımları bir qədər səngiyib

İnflyasiyanın sürəti zəifləyir – Yanvarda qiymət artımları bir qədər səngiyib

Azərbaycanda 2023-cü ilin yanvarında illik inflyasiya 13,6 faizə düşüb.

 

Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il 13,9 faiz olan inflyasiya bu ilin ilk ayında 0,3 faiz bəndi azalıb. 


İnflyasiyanın azalmasına ərzaq qiymətlərindəki bahalaşma sürətinin zəifləməsi təsir edib. Yanvarda ərzaq qiymətlərində bahalaşma 18,1 faizə düşüb. Əvəzində qeyri-ərzaq mallarında bahalaşma sürəti bir qədər güclənərək 12,2 faizə çatıb. Pullu xidmətlərdə isə bahalaşma 9,7 faiz olub.


Yanvarda aylıq qiymət artımı 1 faiz təşkil edib. Ötən ay ərzində qida məhsulları 1,3 faiz, qeyri-ərzaq malları 1,1 faiz, pullu xidmətlər 0,5 faiz artıb. 


Yanvarda əvvəlki aya nisbətən ərzaq məhsullarından daha çox qiymət artımı manna yarmasının, düyünün, unun, peçenyenin, qoyun və toyuq ətinin, balıq konservlərinin, südün, xamanın, pendirin, narın, almanın, heyvanın, naringinin, bananın, xiyarın, pomidorun, soğanın, kartofun, yerkökünün, şəkər və şəkər tozunun, konfetlərin, çayın, kola içkisinin, arağın dəyərində, daha çix qiymət azalması isə qarabaşaq yarmasının, mərcinin, günəbaxan yağının, portağalın, limonun və kələmin dəyərində müşahidə olunub. 


2023-cü ilin yanvar ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox qiymət artımı işıq lampalarının, sintetik yuyuсu vasitələrin, diş pastalarının, sabunların, şampunların, dərman vasitələrindən analginin dəyərində, daha çox qiymət azalması isə kəsilmiş taxtaların, yağlı boyaların, sementin və yazı kağızlarının dəyərində baş verib.


Əhaliyə göstərilən ödənişli xidmətlərdən daha çox qiymət artımı mobil telefonlarla danışıq haqlarında, məişət cihazları, minik avtomobilləri və mənzillərin təmiri, stomatoloji, ictimai iaşə, bərbərxana və kosmetoloji xidmətlərin qiymətlərində, daha çox qiymət azalması isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə edilib. 


Vasif


OXŞAR XƏBƏRLƏR