Şoyqu gedir? - “Putinin belə qərar verəcəyini düşünmürəm”

Şoyqu gedir? - “Putinin belə qərar verəcəyini düşünmürəm”

ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu Rusiyanın müdafiə naziri Sergey Şoyqunun vəzifəsindən azad edilə biləcəyini iddia edir. Səbəb kimi ordudakı çatışmazlıqlar, təchizat və digər məsələlər göstərilir.

 

Maraqlıdır, bu iddia nə dərəcədə realdır? Bu ehtimal reallaşarsa, Şoyqunu kim əvəzləyə bilər?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Tofiq Abbasov bu tip məlumatların yayılmasında xüsusi məqsədinin olduğunu düşünür:

 

“Bu qəbildən olan proqnoz və araşdırmalar çox vaxt özünü doğrultmur. Çünki ABŞ-ın Hərbi Araşdırma İnistutlarının proseslərə təsir göstərmək imkanları var və onlar da bundan istifadə etməyə çalışırlar. Görürük ki, Qərbin davranışı Rusiyaya qarşı sərt tənqid atmosferindədir, Rusiyanı təkləmək imkanları nəzərdən keçirilir. Bu, özlüyündə informasiya müharibəsinin, informasiya qarşıdurmasının ideoloji hissəsidir. Bu proseslərdə qərar verənlər isə dövlət başçılarıdır”.

 

Politoloq hərbi nəzəriyyə baxımından da Şoyqunun vəzifəsindən uzaqlaşdırılmasının məntiqli olmadığını deyib:

 

“Şoyqu ilə bağlı qərarı məlum məsələdir ki, Putin verə bilər. ABŞ hansı əsasla belə bir fikir səsləndirə bilər? Çox güman ki, ABŞ Rusiya cəmiyyətinə təsir göstərmək, rus hərbi elitasında hərc-mərcliyin yaranmasına nail olmaq istəyir. İndiki məqamda Putinin belə qərar verəcəyini düşünmürəm. Ona görə ki, bu qərar göstərəcək ki, Prezident vaxtı ilə səhv təyinat edib. Eyni zamanda hərbi proseslərə təkcə Şoyqu nəzarət etmir. Bu qərarlara həm də Baş Qərargah, Prezident nəzarət edir. Ona görə Şoyqunun bu səbəblə vəzifəsindən uzaqlaşdırılması normal qarşılanmaz".

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR