Zəlzələ Türkiyəyə neçəyə başa gəldi? – İlkin rəqəmlər açıqlandı

Zəlzələ Türkiyəyə neçəyə başa gəldi? – İlkin rəqəmlər açıqlandı

Ötən gün Türkiyə və Suriyada baş vermiş zəlzələyə görə dəymiş zərərin məbləği açıqlanıb. Beynəlxalq reytinq agentliyi “Fitch”in məlumatına görə, zəlzələ nəticəsində dəyən zərər 4 milyard dolları keçəcək.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Eldəniz Əmirov deyib ki, qeyd edilən məbləğ birmənalı olaraq qəbul edilə bilməz:

 

“Türkiyədə 7 minə yaxın bina dağılıb, yollar yoxa çıxıb, infrastruktur məhv olub, istehsal sahələri yerlə yeksan olub, dəyər zəncirinin əsaslı hissəsi sıradan çıxıb, təhcizat prosesi dayanıb və.s. Maddi zərər yaradan səbəblər hədsiz çoxdur. Hələ insanların mülkünə, şəxsi əşyalarına, nə qədər binanın zədələnməsinə dair məlumat yoxdur. 7 min bina sadəcə tam dağılan binalardır. Odur ki, dəymiş ziyanın 100 milyard dollara çatacağını, hətta bunu ötəcəyini belə istisna etmirəm. Dəymiş zərər Türkiyə ÜDM-nin 10%-i ötə bilər.

 

2022-ci ildə Türkiyənin ÜDM-i (Ümumi Daxili Məhsul) 853.49 milyard dollar olub. Bu il isə bunun 941.55 milyard  dollar olması proqnozlaşdırılıb. Lakin zəlzələ bu proqnozun da gerçəkləşməsinə imkan verməyəcək.  Türkiyənin 2023-cü ildə büdcə xərclərinin 4 trilyon 470 milyard TL, büdcə gəlirlərinin 3 trilyon 810 milyard TL, büdcə kəsirinin 660 milyard 901 milyon TL olacağı proqnoz edilib. Bu isə hazırkı kursla 237 milyard dollar xərc, 202 milyard dollar gəlir, 35 milyard dollar kəsr deməkdir.  Rəqəmlərdən göründüyü kimi dəymiş ziyan 100 milyard dollar olarsa, bu Türkiyənin ÜDM-nin 12%-ə qədəri deməkdir”.

 

Ekspert qeyd edib ki, dəymiş ziyanı yalnız büdcə vəsaitləri hesabına aradan qaldırmaq mümkün olmayacaq:

 

“Hətta büdcə kəsrinin indikindən ortalama daha 20% artırılması belə, bu işlər üçün 12 il zaman tələb edəcək. Buna görə də əlavə maliyyə mənbələrinə ciddi ehtiyac yaranacaq. Amma təbii ki, bu qardaş ölkənin taleyində hansısa ciddi anlamda dəyişikliyin baş verməsi demək deyil. Türkiyə kimi bir dövləti bir zəlzələnin yaratdığı fürsətlə sarsıtmaq mümkün deyil. Sadəcə, bu zəlzələ Türkiyəni öz strateji hədəflərində bir neçə il ləngidəcək. Lakin missiya və strategiyanın dəyişməyəcəyi dəqiqdir”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR