Dar gündə tanınan dostluq: Türkiyəyə hansı yardımlar edilir?

Dar gündə tanınan dostluq: Türkiyəyə hansı yardımlar edilir?

Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir.  "Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir" - deyən Atatürkün bu sözləri həm də ölkəmizin qardaş Türkiyəyə münasibətini təcəssüm etdirir. Yəni, Türkiyənin də kədəri kədərimiz, sevinci sevincimizdir. Baş verən dəhşətli zəlzələdən sonra bu, bir daha təsdiqlənmiş oldu.

 

Sfera.az bildirir ki, Türkiyədə baş vermiş dəhşətli zəlzələ xalqımızı çox kədərləndirib, hər gün ölənlərin və xəsarət alanların sayının artması ürək ağrıdır. Burada yalnız Azərbaycan dövləti deyil, hər bir vətəndaşımız öz imkanları daxilində qardaş ölkəyə yardım etməyə çalışır. Yardımlar həm bank köçürmələri və plastik kartlar vasitəsi ilə birbaşa ödənişlər, həm də fiziki formada həyata keçirilir. 

 

Ümumiyyətlə, Türkiyədə 7,4 maqnitudalı zəlzələnin baş verməsi ilə əlaqədar dünyanın müxtəlif ölkələrindən humanitar yardım gəlməyə başlayıb. Yardım üçün müraciət edən ilk ölkə Azərbaycan olub. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə qardaş ölkəyə gedən Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik xilasetmə qüvvələri Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatlarına cəlb edilib.  

 

Türkiyədə güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə FHN-in 420 nəfər şəxsi heyəti qardaş ölkəyə göndərilib. Ardınca isə daha iki yardım təyyarəsi qardaş ölkəyə yola salınıb.  Təyyarələrdən biri ilə FHN-in hər cür tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı göndərilib. Hospital 4 funksional bölmədən – qəbul-çeşidləmə, laboratoriya, cərrahiyyə və intensiv terapiya bölməsindən, 3 köməkçi konteynerdən və 3 hava ilə doldurulan moduldan ibarət olmaqla ən ağır yaralı və xəstələrin müayinə, əməliyyat və müalicəsi üçün müvafiq şəraitlə təmin olunub. Mobil səhra hospitalında FHN-in peşəkar tibbi heyəti xidmət aparacaq. Hospital lazımi bütün dərman və preparatlarla təchiz edilib. İkinci təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, yataq dəstləri, qızdırıcılar və digər avadanlıqlar göndərilib. Eyni zamanda Azərbaycan Ordusunun bir qrup hərbi tibb personalı Türkiyəyə yola düşüb.

 

Eyni zamanda, Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Türkiyədə zəlzələ qurbanlarına humanitar yardım aparan xüsusi təyyarə Qaziantep hava limanına çatıb. Fondun zəlzələ bölgəsinə ezam olunan əməkdaşları humanitar yardımı Türkiyənin faciə bölgəsində zərər çəkmiş vətəndaşlara çatdıracaqlar. Faciədən zərər çəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən 36 ton humanitar yardım göndərilib. Humanitar yardıma müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, çadırlar daxildir. 

 

Ötən gün Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olan Prezident İlham Əliyev yardımlarla bağlı danışarkən deyib ki, Azərbaycan xalqı könüllü olaraq öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirir:

 

“Yəni, kimi yorğan gətirir, kimi döşək gətirir, kimi gödəkcə gətirir. Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir. Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur və bu da təbiidir. Bizim ictimai təşkilatlarımız da öz dəstəyini göstərirlər. Heydər Əliyev Fondu artıq böyük təşəbbüsə start verdi. Fondun bütün imkanları, Fondun nəzdində çalışan bütün insanlar artıq bu yardım kampaniyasına qoşulmuşlar. Mənə verilən məlumata görə, özəl şirkətlər artıq fəaliyyətə keçiblər və həm maddi yardım, eyni zamanda, texniki yardım göstərməyə başlamışlar. Mənim göstərişimlə bizim ən böyük şirkətimiz SOCAR öz dəstəyini verməyə başlayır. Bilirsiniz ki, SOCAR-ın Türkiyədə böyük fəaliyyəti, böyük imkanları var. Bu şirkət, eyni zamanda, Türkiyə şirkətidir və əlində olan bütün imkanlarla yardım etməyə çalışır və çalışacaq. Bilirəm ki, bizim dövlət qurumlarının nümayəndələri də öz təşkilatları çərçivəsində humanitar yardımın təşkilində fəaldırlar və bunu biz ancaq alqışlaya bilərik. Yəni, bütün Azərbaycan xalqı bu gün qardaş türk xalqının yanındadır”.

 

Ölkə başçısının göstərişi ilə bütün yardım məsələləri bir mərkəzdən idarə olunacaq, bu barədə Prezident Administrasiyasının rəhbərinə göstəriş verilib. “O cümlədən bizim xəstəxanalarda yaralı qardaş-bacılarımızın müalicəsi uçun bütün şərait var. Həm Bakıda, digər şəhərlərdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında artıq çarpayılar ayrılıb və əgər ehtiyac olarsa, biz xəstələri gətirməyə də hazırıq. Paralel olaraq, böyük bir qrup könüllü artıq yola düşür. Bizim böyük könüllü qruplarımız var - həm Heydər Əliyev Fondunun nəzdində fəaliyyət göstərən könüllülər, həm ASAN könüllüləri, yəni, onlar hər zaman Azərbaycanda bədbəxt hadisə baş verdikdə, - məsələn, bizdə də Şamaxı, Ağsu, İsmayıllıda zəlzələ baş verdikdə, - ilk yardıma yetişən də onlar olmuşlar. Onlar indi hərəkətdədir, yoldadırlar”, - dövlət başçısı İlham Əliyev qeyd edib.

 

Göründüyü kimi, Azərbaycan zəlzələnin baş verdiyi ilk gündən qardaş ölkəyə öz dəstək əlini uzadıb. Zəlzələnin nəticələri aradan qaldırılana qədər də dövlətimiz Türkiyənin yanında olacaq və bütün proseslərdə iştirak edəcək.

 

Günay Rəsulqızı

 

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

Mövzu: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

 



 


OXŞAR XƏBƏRLƏR

Azərbaycan XİN İrana başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Cənubi Xorasan ostanının Təbəs şəhərində kömür mədənində baş vermiş partlayışda ölənlərlə əlaqədar İrana başsağlığı veri...

Şuşada qəzada xəsarət alanların SON VƏZİYYƏTİAÇIQLANDI ƏƏ

Şuşada baş verən qəzada xəsarət alanların son vəziyyəti açıqlanıb.   Sfera.az xəbər verir ki, TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq verilən məlum...

MM sədri kim olacaq? - İki əsas namizəd

Milli Məclisin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək.   Sfera.az Yenisabah.az-a istinadən xəbər verir ki, qüvvədə olan qa...

Azərbaycan gimnastları Portuqaliyada 4-cü qızıl medalı əldə ediblər

Azərbaycan idmançıları Portuqaliyanın Qimarayeş şəhərində keçirilən akrobatika gimnastikası üzrə dünya çempionatında 4-cü qızıl medalı aktivinə yazdırıblar. ...

Həddindən artıq qəhvə içmək nələrə səbəb olur?

Araşdırmalara görə, həddindən artıq qəhvə istehlakı beynin xroniki yuxu çatışmazlığından sağalma qabiliyyətinə mənfi təsir göstərə bilər. Kofein yuxululuq hissi...

Yol polisindən piyadalara MÜRACİƏT

Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib.   İdarədən Sfera.az-a verilən xəbərə görə, müraciətdə deyilir:   "Piyadavurma...