Regionlarda 200, Bakıda 1000 manat – Kəskin fərq nə ilə bağlıdır?

Regionlarda 200, Bakıda 1000 manat – Kəskin fərq nə ilə bağlıdır?

Azərbaycanda əhalinin ticarət obyektlərində xərclədiyi pulun böyük hissəsi Bakının payına düşür. 


Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, 2022-ci ildə Bakının payı bir qədər də artıb. Belə ki, ötən ilin nəticələrinə əsasən, ölkə üzrə pərakəndə ticarətin 59,1 faizi Bakıda həyata keçirilib.


Əvvəlki illərdə Bakının payı az olub. 1994-cü ildə ticarət xərclərinin yalnız 34 faizi Bakının payına düşmüşdü. Sonrakı illərdə nisbət tədricən artaraq 2001-ci ildə 50 faizi, 2017-ci ildə isə 55 faizi ötüb. Bakının payı 2018-ci ildə 56,1 faizə, 2019-cu ildə 56,4 faizə, 2020-ci ildə 57,4 faizə, 2021-ci ildə 58 faizə yüksəlib. 


Ötən ilin məlumatına əsasən, ölkəmizin ticarət müəssisələrində əhali 52,17 milyard manat xərcləyib ki, bunun da 30,8 milyard manatı Bakının payına düşüb. 
Bakıda ticarət dövriyyəsinin həcminin böyük olması hesabına xərclərin adambaşına düşən hissəsi də artır. 2021-ci ildə hər ay bir nəfər orta hesabla 852 manat xərclədiyi halda, 2022-ci ildə adambaşına düşən xərc 1022 manata yüksəlib. 


Müqayisə üçün bildirək ki, ölkə üzrə adambaşına düşən ticarət xərci 432 manat olub. Bakı nəzərə alınmadıqda regionlardakı adambaşına xərclər 200-250 manata düşür. Bakıda adambaşına düşən xərclər ölkə üzrə orta göstəricidən 2,36 dəfə, digər regionlardan isə 4-5 dəfə çoxdur. 

 

Paytaxtda adambaşına düşən xərclərin çox olması 2 səbəblə bağlıdır. 


Birinci əsas səbəb Bakı əhalisinin faktiki sayının çox olmasıdır. Rəsmi statistikada Bakı əhalisinin 2,3 milyon nəfər olduğu göstərilir. Amma paytaxtda daimi yaşayan insanların sayı bundan xeyli çoxdur. Digər tərəfdən Abşeron rayonu və Sumqayıt əhalisinin də önəmli hissəsi hər gün Bakıya gələrək burada işləyir. 
Bakı həm də xarici turistlərin daha çox üz tutduğu yerdir. 


Sadalanan amillər səbəbindən paytaxtda ticarət xərcləri çox olur. Bu xərclərin adambaşına düşən hissəsi hesablandıqda isə faktiki əhali sayına yox, daimi qeydiyyatda olan insan sayına bölünməklə müyyənləşir. Buna görə də Bakıda adambaşına xərclərin məbləği ölkə üzrə göstəricidən xeyli böyük olur. 


Paytaxtda əhalinin adambaşına düşən xərclərinin çox olmasının ikinci mühüm səbəbi burada yaşayan insanların gəlirinin yüksək olması ilə bağlıdır. Bakıda həm maaş, həm pensiya səviyyəsi yüksəkdir, həm də biznesin böyük hissəsi paytaxtda cəmləşib. Burada özəl sektorda olan maaş səviyyəsi də yüksəkdir. 

Vasif
 


OXŞAR XƏBƏRLƏR