“Vəfat edənlər, həbs olunan, vəzifə alan və...” - Hansı dairələr deputatsız qalıb?

“Vəfat edənlər, həbs olunan, vəzifə alan və...” - Hansı dairələr deputatsız qalıb?

Azərbaycanda  VI  çağırış parlament seçkilərindən 3 il ötür.

 

Sfera.az xatırladır ki, 2020-ci il fevralın 9-da keçirilən seçkilərdə seçki dairələri üzrə lider namizəd 94,6 % səslə 1 saylı Şərur- Sədərək Seçki Dairəsindən Vasif Talıbov idi. Növbəti iki yerdə isə 86,3 % səslə 2 saylı Şərur Seçki dairəsindən İsa Həbibbəyli və 83,2 % səslə 3 saylı Babək-Kəngərli- Naxçıvan Seçki Dairəsindən Səttar Möhbalıyev qərarlaşırdı.

 

Ən aşağı faiz isə 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd Seçki Dairəsindən seçilən Elman Məmmədova məxsus idi – 58,3 % səs.

 

Bəs maraqlıdır, son üç ildə hansı dairələrin deputat təmsilçisi olmadı, yaxud bu müddət ərzində öz təmsilçisini itirdi?

 

Qeyd edək ki, 2020-ci il fevralın 9-da keçirilən növbədənkənar parlament seçkisindən sonra heç də bütün dairələr üzrə deputatlar müəyyənləşmədi. Belə ki, seçkilərdən sonra Mərkəzi Seçki Komissiyası (MSK) dörd seçki dairəsinin - 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan seçki dairələrinin nəticələrini ləğv etdi. Hazırda həmin dairələri deputat təmsil etmir.

 

Amma müxtəlif səbəblərdən boş qalmış dairələr də var.

 

Belə ki, 2020-ci il avqustun 4-də Fəttah Heydərovun vəfat etməsi ilə 116 saylı Qəbələ seçki dairəsi millət vəkilini itirmiş oldu.

 

2021-ci il iyulun 29-da polis əməkdaşına zor tətbiq etdiyinə görə VI çağırış Milli Məclisdə 55 saylı Xaçmaz seçki dairəsini təmsil edən Eldəniz Səlimov üç il altı ay azadlıqdan məhrum edildi və deputat mandatına xitam verildi.

 

50 saylı Abşeron-Qobustan seçki dairəsinin deputatı Şahin Seyidzadə isə 3 mart 2022-ci il tarixində İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin idarə heyətinin sədri vəzifəsinə təyin olunduğu üçün adıçəkilən dairənin də Milli Məclisdə təmsilçisi yoxdur.

 

2022-ci ilin noyabr ayında 32 saylı Naxçıvan şəhər Seçki Dairəsinin təmsilçisi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Nazim Bababəyli vəfat etdi və bu səbəbdən həmin dairənin parlament təmsilçisi yoxdur.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR