"Türkiyədən fərqli olaraq, Azərbaycanda tikilən binalara böyük nəzarət var” - Ekspert 

“Türkiyədə zəlzələyə görə dağılan binaların əksəriyyəti yeni tikililər idi. Yeni binalarda dağıntı və təlafatın bu qədər çox olması nəinki Türkiyədə, artıq digər ölkələrdə də bu sahəyə olan yatırımların sayını azaldacaq və müəyyən mənada qorxu yaradacaq”.

 

Bunu Sfera.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.

 

Müsahibimiz qeyd edib ki, Azərbaycanda da illərdir, daşınmaz əmlak sahəsində satılan əmlakların böyük əksəriyyəti yeni tikilən binalardan idi:

 

“Zəlzələdən sonra bizim ölkədə də bu sahəyə maraq azalacaq. Eyni zamanda bu müddət ərzində insanlar artıq köhnə həyət evlərinə, bağ evlərinə müraciət edəcəklər. Biz bunu təxminən 2000-ci ildə Azərbaycanda baş verən zəlzələ zamanı müşahidə etdik – insanlar uzun müddət bina evlərində deyil, həyət evlərində qalmağa üstünlük verdilər, zəlzələnin davamı olacağından çəkindilər. Türkiyədə isə təbii ki, uçulub dağılan binalar istismar müddətini bitirmiş, bünövrəsi zəif olan, zəlzələyə davamlı olmayan, keyfiyyətsiz şəkildə tikilənlər idi. Azərbaycanda da insanlar yeni tikilən binalara daha çox önəm verirdilər. Düzdür, artıq bu problemler o sahəyə marağı azaldacaq, amma bu, davamlı şəkildə olmayacaq.  Bizdə pilot layihələri üzərindən köhnə binalar sökülür, əvəzinə yeni binalar tikilir, həmin köhnə binalarda yaşayan sakinlər köçürülür, satışlar davam edir. Türkiyədən fərqli olaraq, Azərbaycanda uzun illərdir tikilən binalara böyük nəzarət var”.

 

Ekspert bildirib ki, ölkəmizdə tikinti işlərinin aparılmasına icazə verilməyən yerlərdə, qurunt suları üzərində, sökülmə zonalarında olan binalar var:

 

“Azərbaycanda əsas problem ondan ibarətdir ki, binalar bir-birinə sıx şəkildə tikilir. Bunun fəsadını isə Türkiyədəki zəlzələdə hər birimiz görmüş olduq. Bir neçə keyfiyyətsiz bina sıx massivdə yerləşirsə, binanın uçması nəticəsində ərazidəki digər sağlam binalar da uçulub dağıla bilər. Ümumiyyətlə, qonşu ölkədə baş verən zəlzələdən sonra. Ancaq ölkəmizdə yeni tikili binalardan daha təklükəli olanlar istismar müddətini bitirmiş və qəzalı vəziyyət olan binalardır. 3,4,5 mərtəbəli binalar var ki, artıq 150-yə qədəri aidiyyatı qurumlar tərəfindən qəzalı kimi qeydə alınıb. 11 minə qədər də istismar müddətini bitirmiş köhnə çoxmənzilli yaşayış binaları var. Bu binaların sökülməsi üçün on illiklər lazımdır, uzun prosesdir. Düşünürəm ki, mütləq şəkildə həmin binalarda yenidən bərpa işləri aparılmalıdır. Bu olmasa, zəlzələ baş verəcəyi təqdirdə, yeni tikilən binalardan çox, ilk növbədə həmin köhnə binalar daha çox tələfata səbəb ola bilər”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR