Xarici valyutada əmanətlər yenidən artır – SƏBƏB

Xarici valyutada əmanətlər yenidən artır – SƏBƏB

Azərbaycan banklarında xarici valyutada olan əmanətlərin həcmi üçillik fasilədən sonra ötən il yenidən artıb. 


Sfera.az xatırladır ki, 2018-ci ildə 5,23 milyard manat dəyərində olan xarici valyutanın həcmi 2019-cu ildə 4,5 milyard manata, 2020-ci ildə 4,15 milyard manata, 2021-ci ildə 3,8 milyard manata düşmüşdü. 


Amma 2022-ci ildə xarici valyutada olan əmanətlərin məbləği 4,6 milyard manata yüksəlib. Bir il ərzində xarici valyutada olan əmanətlər 800 milyon manat və ya 21 faiz artıb. 


Xarici valyutada olan əmanətlərin həcmində artım həm məbləğ ifadəsində, həm də faiz nisbətində çox böyük olub. 


Bəs xarici valyutada olan əmanətlərin həcminin yüksək sürətlə artmasının səbəbi nədir? Əhali yenidən xarici valyutada yığımlara üstünlük verir?


Kiçik araşdırma göstərir ki, xarici valyutada əmanətlərin artması Azərbaycanın daxilində baş verən proseslərlə bağlı deyil. Burada əsas səbəb Rusiyada yaşayan həmvətənlərimizin və soydaşlarımızın sanksiyalardan sonra öz vəsaitlərinin önəmli hissəsini Azərbaycana köçürməsidir. Köçürülən pulların böyük hissəsi banklara yerləşdirildiyindən banklarda xarici valyutada olan əmanətlərin həcmi artır. 


Xarici valyutada olan əmanətlərin həcmi artmaqla yanaşı əcnəbilərə məxsus əmanətlərin də kəskin artması müşahidə edilir. Son bir ildə Azərbaycan vətəndaşı olmayan şəxslərin əmanətlərinin həcmi 4 dəfə artaraq 1,174 milyard manatı keçib. Bu əmanətlərin 840 milyon manatı xarici valyutadadır. 


Bu faktın özü də təsdiq edir ki, 2022-ci ildə xarici valyutada əmanətlərin həcminin artması məhz Rusiyanın sanksiyalarla üzləşməsi və bundan sonra Azərbaycan banklarına köçürülən pulların həcminin artması ilə bağlıdır. 


Qeyd edək ki, mövcud vəziyyət Azərbaycanda xarici valyutaya, xüsusən də ABŞ dollarına olan tələbi xeyli zəiflədib. Bunun nəticəsidir ki, valyuta hərraclarında dollar satışı xeyli azalıb, hətta bəzi hərraclarda dollar alan olmayıb. 


Deməli, Rusiya-Ukrayna müharibəsi davam etdiyi müddətdə ölkəmizə dollar axışı davam edəcək və dollar bolluğu yaranacaq. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR