Manat əksər valyutalara nisbətən bahalaşdı – MÜQAYİSƏLƏR

Manat əksər valyutalara nisbətən bahalaşdı – MÜQAYİSƏLƏR

2022-ci ilin sonuna olan məlumata əsasən, Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələrin valyutalarının manata qarşı olan məzənnəsi ucuzlaşıb. 


Sfera.az xəbər verir ki, manat avroya nəzərən 6,4 faiz bahalaşıb. İlin əvvəlində bir avro 1,92 manat olduğu halda dekabrın sonunda 1,79 manata geriləyib. 


Bu müddətdə İngiltərə funt sterlinqi manata nisbətən 8,5 faiz dəyər itirib. Bir ildə məzənnə 2,24-dən 2,05-ə düşüb. 


Manata nəzərən ucuzlaşan valyutalar arasında Türkiyə lirəsi (28,5 faiz), Ukrayna qrivnası (26,4 faiz), Yaponiya yeni (15,6 faiz), Çin yuanı (8,8 faiz), Cənubi Koreya vonu (8,5 faiz), Qazaxıstan tengesi (6,9 faiz), İsveçrə frankı (1,3 faiz) da var. 


Ötən il manata nisbətən bahalaşan valyutalar da olub. Əsas ticarət tərəfdaşlarımızdan Gürcüstan larisi 15,4 faiz, Rusiya rublu 12,3 faiz bahalaşıb.


2022-ci ildə manatın əksər valyutalara nisbətən bahalaşması ABŞ dollarının dəyərinin yüksəlməsi ilə bağlıdır. Məlumdur ki, manatın xarici valyutalara qarşı məzənnəsi dolların həmin valyutalara qarşı olan məzənnəsi əsasında müəyyənləşir. Buna görə də, dollar bahalaşanda manat da bahalaşır, dollar ucuzlaşdıqda isə manat da ucuzlaşır. Ötən il ABŞ dolları əksər valyutalara nisbətən bahalaşdığından manat da bahalaşıb. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR