“Rusiyanın yeni hücumunu gözləyirik” - Ukraynanın müdafiə naziri

“Rusiyanın yeni hücumunu gözləyirik” - Ukraynanın müdafiə naziri

“Yaxın günlərdə Rusiyanın Ukraynaya yeni hücumunu gözləyirik”.

 

Sfera.az bildirir ki, bunu vəzifəsini tərk etmək üzrə olan Ukraynanın müdafiə naziri Aleksey Reznikov deyib. Mətbuat konfransı keçirən nazir qərbli müttəfiqlərin göndərdiyi bütün silahların o vaxta qədər gəlib çatmayacağını, lakin ordunun Rusiya qüvvələrinin qarşısını almaq üçün kifayət qədər ehtiyata malik olduğunu bildirib.

 

O, vurğulayıb ki, Rusiyanın hərtərəfli hücuma başlamaq üçün hələ resursları yoxdur: “Lakin simvolik addım kimi işğalın ildönümü günündə -  fevralın 24-də hücuma keçə bilərlər. Rusiya həmçinin, Ukraynanın cənubundakı hücumları ilə yanaşı, şərqi Donbas bölgəsini də ələ keçirməyi prioritetləşdirə bilər”.

 

Müdafiə naziri həmçinin deyib ki, Ukrayna əsgərləri bu gündən etibarən Almaniya istehsalı olan “Leopard” tankları ilə təlimlərə başlayacaqlar. Onun sözlərinə görə, ölkəsi 150 kilometr mənzilli yeni raketlər alıb, lakin onlar Rusiya torpaqlarına qarşı deyil, yalnız Ukraynanı işğal edən rus qoşunlarına qarşı istifadə olunacaq.

 

Qeyd edək ki, Aleksey Reznikov ötən gün jurnalistlərə açıqlamasında istefa verə biləcəyini deyib. Zelenskinin partiyasından isə bildirilib ki, Reznikovun yerinə Hərbi Kəşfiyyat rəisi Kirilo Budonov gətiriləcək. Yeni təyinat qərarı Müdafiə Nazirliyini sarsıdan bir sıra korrupsiya qalmaqallarından sonra verilib. Reznikov isə nazirlik rəsmilərinin ordu üçün ərzaq alışında korrupsiyaya yol verməsi ilə bağlı xəbərləri təkzib edib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR