Danimarkalı səyyah: “Qarabağın çox böyük turizm potensialı var”

Danimarkalı səyyah: “Qarabağın çox böyük turizm potensialı var”

“Qarabağın çox böyük turizm potensialı var”.

 

Bu barədə Trend-in suallarını cavablayarkən danimarkalı səyyah Maqnus Nilsen deyib.

 

O bildirib ki, Qarabağın təkcə təbiəti belə buraya səyahət etmək üçün yetərlidir.

 

“Dünən Şuşaya səfər edərkən oranın təbiəti və Cıdır düzü həqiqətən məndə xoş təəssüratlar yaratdı. Daha əvvəl Şuşa haqqında eşitmişdim, lakin bu dərəcədə füsunkar mənzərə ilə qarşılacağımı gözləmirdim. Qarabağın çox böyük turizm potensialı var. Burada bərpa-quruculuq işləri çox intensiv aparılır. Əlbəttə, istəyirəm ki, insanlar öz torpaqlarına tezliklə qayıtsınlar. Mən də 5-10 il sonra buraya yenidən gəlmək istərdim”,- deyə o əlavə edib.

 

Qeyd edək ki, geniş tərkibdə beynəlxalq səyahətçilər qrupunun bu gün Laçın şəhərinə səfəri başlayıb. 30 nəfərlik heyətə 12 ölkənin - ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya və Rusiyanın tanınmış səyyahları daxildir.

 

Bu səfər bir daha azad edilmiş ərazilərdəki dağıntılara, burada aparılan quruculuq-bərpa, minatəmizləmə işlərinə beynəlxalq səyahətçilərin marağının xeyli artdığını nümayiş etdirir. Belə ki, dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC, MTP, TCC, NomadMania və Türkiyə Gəzginlər Klubunun geniş tərkibdə heyətlərinin ötən iki ildə 5 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri gerçəkləşib. Səfərlərin biri 2021-ci ildə, dördü isə 2022-ci ildə olub.

 

Xatırladaq ki, səyahətçilərin ötən gün işğaldan azad edilmiş ərazilərə səfəri başlayıb. Onlar dünən Füzuli-Xocavənd-Şuşa marşrutu üzrə hərəkət ediblər.


OXŞAR XƏBƏRLƏR