Sosial şəbəkələrdə mobil nömrə satışı – Vətəndaşlar necə aldadılır?

Sosial şəbəkələrdə mobil nömrə satışı – Vətəndaşlar necə aldadılır?

Zaman-zaman vətəndaşlara qarşı dələduzluq hallarının şahidi oluruq. Son zamanlar isə mobil nömrə satışları ilə bağlı oxşar vəziyyət müşahidə edilir. Belə ki, bəzi dələduzlar bahalı nömrələri insanlara ucuz qiymətə təklif edirlər.

 

Məsələn, sosial şəbəkələr vasitəsilə “Azercell”in  "010" prefiksli nömrələri bir neçə aylıq kreditlə vətəndaşlara təqdim edilir.  Problem isə şəxsin öncədən ödənişi edib nömrəni rəsmiləşdirmək üçün rəsmi satış mərkəzlərinə yaxınlaşdığı zaman başlayır. Vətəndaşa ya fərqli nömrə təqdim edilir, ya da nömrənin artıq satıldığı bildirilir.

 

Mövzu ilə bağlı Sfera.az-a  açıqlama verən texnoloq Fərid Pərdəşünas deyib ki, Azərbaycanda əvvəlcədən ödəniş edib sonra nömrəni götürmək kimi metod yoxdur:

 

 

“Şəxs niyə əvvəlcədən məbləği ödəyib sonra bu cür dələduzluqla qarşılaşmalıdır ki? Birmənalı olaraq, ödəniş qabaqcadan istənilirsə, bu, dələduzluq metodudur. Mobil operatorlar və onların dillerləri satışı edən zaman ödənişi yerində alırlar. Dələduzlarla tək mübarizə metodu var: onlara onlayn qaydada nəsə ödənilməməlidir. Dəfələrlə demişəm, onlayn qaydada “beh” ödəməyin! Ev, torpaq, maşın, smartfon, nömrələr – bunlara məhsulla tanış olmamış, sahibi ilə görüşməmiş ödəniş etmək olmaz”.

 

Digər müsahibimiz vəkil Turan Abdullazadə deyib ki, vətəndaşlar nömrə alqı-satqısı üçün sosial şəbəkələrdə tanımadığı şəxslərlə sövdələşməyə girməkdənsə, rəsmi dillerlərə və mobil operatorlara müraciət etsinlər:

 

“Tanımadığı şəxslərin təklif etdikləri nömrəni almaqda israrlıdırlarsa, bu nömrənin həqiqətən həmin şəxsə məxsus olub-olmaması üçün mobil operatorların müştəri xidmətlərinə  və baş ofislərinə yaxınlaşsınlar. Bundan əlavə, bir çox mobil operatorlarda “Nömrənin sahibini öyrən” funksiyası var. Bu xidmət vasitəsi ilə istifadə etdiyiniz nömrənin rəsmi olaraq kimin adına olduğunu öyrənə bilərsiniz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə— min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu məcəllədə nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Yəni bu kimi hallarla bağlı şəxsə 500 manatdan aşağı miqdarda ziyan dəyibsə, artıq əməldə cinayət tərkibinin yox, inzibati xəta tərkibinin olması ehtimalı mövcuddur”.

 

T.Abdullazadə deyib ki, İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir:

 

“Bu Məcəllənin 227-ci maddəsində göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Mülkiyyət əleyhinə digər cinayətlərdən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlakın sahibi olan şəxs öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir.  Buna görə də bu cinayətin törədilməsini sübut etmək, cinayətin subyektiv cəhətini- motivini müəyyən etmək olduqca çətindir.

 

Vətəndaş qarşısındakı şəxsin ona satdığı nömrənin həmin şəxsə məxsus olmadığını, etibarından sui-istifadə edilərək pul vəsaitinin verilməsi və onu aldadan şəxsin şəxsiyyəti ilə bağlı mötəbər dəlilləri hüquq mühafizə orqanlarına təqdim edərsə,  şikayəti effektiv şəkildə araşdırıla və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul edilə bilər. Dələduzluq cinayəti mülkiyyət əleyhinə olan digər cinayətlərdən fərqli olaraq hər hansı zor tətbiqi ilə müşahidə olunmur. Etibar edən şəxs necə deyərlər, cinayəti törədən şəxsdən hər hansı bir “zərbə” gözləmir. Etibardan sui-istifadə etmə adətən zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər”.

 

Vəkil bildirib ki, dələduzluq cinayətinin daha bir spesifik xüsusiyyəti həmin cinayətin motivi ilə bağlıdır:

 

“Yəni, əməl o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Belə desək, şəxs ona etibar edən şəxsi aldadaraq zərərçəkənə məxsus əmlakı ələ keçirməmişdən daha öncə beynində öz “kirli” niyyətini formalaşdırmış olur. Həmin “kirli” niyyəti müəyyən edərək bunu sübuta yetirmək bir çox hallarda hüquq mühafizə orqanları üçün mümkün olmur”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR