Prezidentin serial çəkilişi üçün ayırdığı 6 milyon manat “yeyilib”? – İttihamın izi ilə...

Prezidentin serial çəkilişi üçün ayırdığı 6 milyon manat “yeyilib”? – İttihamın izi ilə...

Rejissor və aktyor Hikmət Rəhimovun milli seriallara ayrılan yardımların mənimsənilməsi ilə bağlı açıqlaması gündəmin əsas müzakirə mövzularından birinə çevrilib. Belə ki, H.Rəhimov qonaq olduğu televiziya verilişlərindən birində dövlət başçısı tərəfindən film və seriallar üçün ayrılan 6 milyon manatın aidiyyatı üzrə xərclənmədiyini iddia edib.

 

Qeyd edək ki, Prezident İlham Əliyev milli telefilmlərin, o cümlədən teleserialların çəkilişini dəstəkləmək məqsədilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasına (MTRŞ) 6 milyon manat vəsaitin ayrılması ilə bağlı sərəncam imzalayıb.

 

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi isə nəzərdə tutulan məbləği MTRŞ-yə təqdim edib. Milli Televiziya və Radio Şurasının qərarı ilə həmin vəsaitdən milli teleserialların çəkilişinin dəstəklənməsi məqsədilə milli ümumrespublika özəl yayımçılarının hər birinə 200 000 manat məbləğində maliyyə yardımı ayrılıb.

 

Müvafiq dövrdə ölkədə özəl televiziya kanallarının sırasında “Space TV”,  “Xəzər”, “ARB TV”, “Lider TV”, ATV” və “ANS”in adlarını çəkmək mümkündür. Bu hesabla 6 milyon manatdan yalnız 1 milyon 200 min manat məbləğində vəsaitin teleserialların inkişafı üçün ayrıldığı qənaəti ortaya çıxır.

 

2016-cı ildə isə Milli Televiziya və Radio Şurası aparat rəhbəri Toğrul Məmmədov müsahibələrinin birində büdcədən ayrılan 6 milyon vəsaitə 23 milli serial-filmin çəkildiyini deyib.

 

O, həmin serialların sırasında “Çaqqal nəfəsi”, “Toy gecəsi”, “Həyat çiçəyi”, “Aydın”, “Qız yükü”, “Qisas” serialı, “Durnalar qayıdanda”, “Tufanlı səma”, “Tək olanda qorxma”, “Oğurlanmış arzular”, “Üç bacı”, “Həyat, sən nə qəribəsən?”, “Sənə inanıram”, “Səndən sonra”, “Cehizsiz gəlin”, “Əli və Nino”, “Hippokrat andı”, “Bizim Əhməd haradadır?”, “Kolxoz 85”, “Sənsiz”, “Fatma serialı”, “Fatma 2 serial”ı, “Abşeron” seriallarının adını çəkib.

 

Məbləğin hansı formada xərclənməsi ilə bağlı MTRŞ-ni əvəz edən Azərbaycan Respublikası Audiovizual Şurasına sual ünvanlamışıq. Cavab olacağı təqdirdə məsələni təkrar işıqlandırmağa hazırıq.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR