“Ən ağır döyüşlər hələ qarşıdadır” – Ukrayna rəsmisi

“Ən ağır döyüşlər hələ qarşıdadır” – Ukrayna rəsmisi

Ötən gün Ukrayna Müdafiə və Təhlükəsizlik Şurasının sədri Oliksiy Danilov qarşıdakı bir-iki ayın müharibənin taleyi baxımdan həlldici olacağını açıqlayıb. Onun sözlərinə görə, Kiyevi ağır döyüşlər gözləyir:

 

“Rusiya böyük eskalasiyaya hazırlaşır. Bu, qarşıdakı 2-3 həftə ərzində baş verə bilər. Ən ağır döyüşlər hələ qarşıdadır”.

 

Danilov həmçinin söyləyib ki, Ukraynanın məqsədi təkcə ötən ilin fevralın 24-dək olan sərhədlərini bərpa etmək deyil, həm də Krım və Donbası azad etməkdir.

 

Ukrayna savaşı yaxın aylarda yekunlaşa bilərmi?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, bu ay Ukraynada ciddi proseslərin baş verəcəyi gözlənilir:

 

“Bunun iki əsas səbəbi var. Birinci məqam ondan ibarətdir ki, bu ay müharibənin birinci ildönümü tamam olacaq. Fevralın 24-ə bir aydan da az vaxt qalıb. Həmin gün Rusiya Prezidenti Vladimir Putinin xalqa müraciət edəcəyi istisna deyil. Əbəttə, o, hansısa “müjdələr” verməlidir. Bunun üçün isə döyüş meydanında üstünlük ələ alınmalıdır. Deməli, Rusiya ordusunun yaxın günlərdə genişmiqyaslı hücum əməliyyatlarına başlaması mümkündür.  İkinci bir tərəfdən, bir sıra Qərb ölkələri, o cümlədən Polşa, Almaniya, Britaniya Ukraynaya ağır və müasir tanklar verəcəklər. Həmin texnikaların fevralın sonu- martın əvvəlində təhvil verilməsi gözlənilir. Sözsüz ki, bu texnikalar döyüş meydanında Rusiyanın durumunu daha da çətinləşdirəcək. Bunu Kremldə başa düşürlər. Ona görə sözügedən tankların, o cümlədən “Leopard”ların təhvil verilməsinədək Rusiya üstünlüyü ələ almağa çalışır”.

 

Müsahibimiz qeyd edib ki, Danilovun qarşıdakı aylar barədə səsləndirdiyi fikirlər məhz tank tədarükü ilə bağlıdır:

 

“Yaxın günlərdə Rusiyada səfərbərliyin növbəti dalğasının elan olunması, Belarusdan ikinci cəbhənin açılması, həmçinin, “xüsusi hərbi əməliyyat”ın müharibə kimi təqdim olunması gözləniləndir. Bu ay Rusiya daxilində və savaş meydanında ciddi proseslər baş verə bilər. Həmçinin fevral- mart ayında baş verəcək proseslər savaşın gələcək inkişafına əsaslı təsir edəcək”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR