"Hücuma görə İsrail məsuliyyət daşıyır” - Amid Səid

“İsfahanda İran Müdafiə Nazirliyinin obyektinə hücuma görə İsrail məsuliyyət daşıyır”.

 

Sfera.az bildirir ki, bunu İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi Amid Səid İrəvani deyib.

 

“İlkin araşdırmanın nəticələri sionist rejimin (İsraili nəzərdə tutur) İsfahan şəhərində Müdafiə Nazirliyinin obyektinə edilən terror aktına görə məsuliyyət daşıdığını deməyə əsas verir. Bu rejimin hərəkətləri beynəlxalq hüququ pozur və pislənməlidir”, deyə İrəvani BMT-nin baş katibi və Təhlükəsizlik Şurasının sədrinə göndərdiyi məktubda qeyd edib.

 

O, qeyd edib ki, İranın öz milli təhlükəsizliyini təmin etmək və İsrailin hər hansı təhdid və ya yanlış hərəkətinə lazım bildiyi zaman sərt cavab vermək üçün qanuni və ayrılmaz hüququ var. İranın nümayəndəsi BMT Təhlükəsizlik Şurasını İsrail hakimiyyətinin təcavüzkar bəyanatlarını pisləməyə çağırıb.

 

Xatırladaq ki, yanvarın 29-na keçən gecə İranın mərkəzi hissəsində yerləşən İsfahan şəhərində güclü partlayış baş verib. Daha sonra ölkənin Müdafiə Nazirliyi bəyan edib ki, şənbə günü dronlardan istifadə etməklə idarənin mərkəzlərindən birinə uğursuz hücum edilib. Nazirliyin məlumatına görə, bir aparat vurulub, digər ikisi müdafiə tələlərinə düşüb və partlayıb. Hücum nəticəsində xəsarət alan olmayıb, cüzi maddi ziyan dəyib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR