Dollarda ucuzlaşma dayanmır – ABŞ valyutasının daha çox dəyərdən düşməsi gözlənilir

Dollarda ucuzlaşma dayanmır – ABŞ valyutasının daha çox dəyərdən düşməsi gözlənilir

ABŞ-da mərkəzi bank funksiyasını yerinə yetirən FED-in bugünki toplantısından öncə dolların ucuzlaşması müşahidə edilir.

 

Sfera.az xəbər verir ki, dolların ortaq məzənnə dəyərini ifadə edən Dollar İndeksi bu gün bir qədər də enərək 100,7 səviyyəsinə düşüb.

 

Dolların ucuzlaşması FED-in faiz artım sürətini zəiflətməsi ilə bağlıdır. Proqnozlara görə bu gün FED faizləri 25 bənd artıracaq. Əvvəlki qərarlarda isə artım 50-70 bənd təşkil edirdi.

 

Faizlərdəki artım sürətinin zəiflədilməsi ABŞ-da illik inflyasiya sürətinin zəifləməsi və iqtisadiyyatın böhranla üzləşmə riski ilə bağlıdır. FED hesab edir ki, ABŞ-da qiymət artımları ilin ikinci yarısında xeyli zəifləyəcək və inflyasiya 2-5 faiz həddinə düşəcək.

 

Faizlərin artım sürətinin zəiflədilməsi həm də ondan xəbər verir ki, qarşıdakı aylarda FED-in faiz artımlarını dayandıra bilər.

 

Qeyd edilən səbəblərdən Dollar İndeksində enmə baş verir. Ekspertlər hesab edir ki, bu gözləntilər rellaşarsa, dollar daha da ucuzlaşacaq.

 

İndeksin hazırki səviyyəsi ötən ilin noyabrın əvvəlindəki səviyyədən xeyli aşağıdır. Başqa sözlə, son 3 ayda dollar xeyli ucuzlaşıb. Müqayisə göstərir ki, üçaylıq dövrdə dolların məzənnəsi 12 faizə yaxın enib.

 

Dolların ucuzlaşmasını avro/dollar kursundakı dəyişiklikdən də görmək mümkündür. Üç ay əvvəl avro/dollar kursu 0,95 idi. Amma hazırda kurs 1,1 səviyyəsinə yüksəlib.

 

Dollar ucuzlaşdığından Azərbaycanda avronun manata nisbətən məzənnəsi də yüksəlir. Üç ay əvvəl 1,7 manat olan avro hazırda 1,9 manatdan satılır.

 

Dolların ucuzlaşması qızılı da bahalaşdırır. Son məlumatlara əsasən xalis qızılın (999,99 əyarlı) bir qramının dəyəri 64 dollara yaxınlaşır. Hazırda bir troya unsiya qızılın qiyməti 1980 dollar, bir qramın dəyəri isə 63,6 dollardır.

 

Dolların ucuzlaşması davam edərsə, qızılın qiyməti 64 dolları ötəcək.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR