“İran Azərbaycanın ticarət dövriyyəsində ilk 15-liyə daxil olmayan ölkədir, amma...” – Natiq Cəfərli

“İran Azərbaycanın ticarət dövriyyəsində ilk 15-liyə daxil olmayan ölkədir, amma...” – Natiq Cəfərli

Azərbaycan-İran münasibətləri gərgin olaraq qalmaqdadır. Bu baxımdan Azərbaycanın İranla müxtəlif istiqamətlərdəki əməkdaşlığının zamanla minimuma enəcəyi proqnozlaşdırılır.

 

Maraqlıdır, Azərbaycanın İranla iqtisadi əməkdaşlığın perspektivi necədir?

 

Azərbaycan-İran iqtisadi əlaqələri barədə Sfera.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli İranın hazırkı siyasətinin qarşıya qoyulan hədəflərə çatmaqda problem yaratdığını deyib. N.Cəfərli iqtisadi əlaqələrdəki statistik göstəriciləri də açıqlayıb:

 

“İran Azərbaycanın ticarət dövriyyəsində ilk 15-liyə daxil olmayan ölkə hesab olunur. Azərbaycanın İranla qarşılıqlı ticarət dövriyyəsi 500 milyon dollar civarındadır. Bunun da təqribən 350-360 milyon dollara yaxın hissəsi İrandan aldığımız məhsullara hesablanır. Biz isə İrana təqribi olaraq 150 milyon dollar civarında mal satırıq. Bu cəhətdən iqtisadi əlaqələrimizin güclü olduğunu deyə bilmərik. Sadəcə, bir neçə il öncə əməkdaşlıq məsələsində İranla müəyyən isinmə dövrü yaşandı. O zaman da 2025-ci ilədək ticarət dövriyyəsinin 3 milyard dollara qaldırılması ilə bağlı qarşıya hədəf qoyuldu. İndi İranın Azərbaycana qarşı haqsız mövqeyi həmin hədəflərə çatmağın mümkünsüz olduğunu deməyə əsas yaradır".

 

Ekspert Azərbaycanın İranla birgə qoşulduğu layihələrin olduğunu da sözlərinə əlavə edib. N.Cəfərli İranla iqtisadi əlaqələrin tamamilə kəsilməsinin doğru olmadığını qeyd edib:

 

“Şimal-Cənub dəhlizinin açılmasında mühüm əhəmiyyət kəsb edən Rəşt-Astara dəhlizinin tikilməsində Azərbaycan İranla birgə çıxış edir. Burada Azərbaycanın bir hədəfi var - Şimal-Cənub, Şərq-Qərb dəhlizlərində körpü rolunu oynamaq. Bundan başqa Zəngəzur dəhlizinə paralel olaraq 5 km məsafə ilə İran ərazisindən keçən kommunikasiya xətlərinin açılması ilə bağlı razılaşma var. Bu xətlərin açılmasında Azərbaycanın da marağı var. Çünki həm İrandan, həm də Ermənistandan keçən kommunikasiya xətlərinin olması Ermənistan və İranın Azərbaycana qarşı təzyiqlərini azalda bilən faktorlar hesab olunur.

 

Yəni biz bir ölkədən asılı olsaq, zaman-zaman yolların bağlanmasının şahidi ola bilərik. Alternativlər olanda isə bu ehtimallar azalmış olur. Bu nöqteyi-nəzərdən Azərbaycanın İranla iqtisadi münasibətləri tamamilə kəsməsi doğru yanaşma deyil. Çox güman ki, münasibətlərin kəskinləşməməsi üçün qarşılıqlı addımlar atılacaq”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR