On qəpiklik “zəlzələ” – Gedişhaqqı artımı əhaliyə 145 milyon manata başa gələcək

On qəpiklik “zəlzələ” – Gedişhaqqı artımı əhaliyə 145 milyon manata başa gələcək

Sabahdan ictimai nəqliyyatda gediş haqqı 10 qəpik artırılacaq. Tarif Şurasının qərarına əsasən 2022-ci ilin fevralın 3-dən etibarən şəhərdaxili ictimai nəqliyyatda gediş haqları 40 qəpiyə çatdırılacaq. Bu qiymət məsafədən asılı olmayaraq şəhərdaxili xidmət göstərən bütün avtobus marşrutlarında tətbiq ediləcək.

 

Sfera.az bildirir ki, avtobuslarla yanaşı metroda da qiymətlər 30 qəpikdən 40 qəpiyə çatdırılacaq.

 

Şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında isə qiymətlər daha yüksək olacaq. Məsafə 15 km-ə qədər olan marşrutlarda gediş haqqı 40 qəpik, 15 km-dən 30 km-ə qədər olan marşrutlarda 50 qəpik, 30 km-dən 40 km-ə qədər olan marşrutlarda 60 qəpik, 40 km-dən 45 km-ə qədər olan marşrutlarda 70 qəpik, 45 km-dən 50 km-ə qədər olan marşrutlarda 90 qəpik, 50 km-dən yuxarı olan marşrutlarda isə 1 manat təşkil edəcək.

 

Qeyd edilən qiymət artımları qısa məsafəyə səfər edənlərin xərclərinin 33,33 faiz artmasına səbəb olacaq. Digərlərində isə qiymət artımı 11,1-25 faiz arasında dəyişəcək.

 

Bəs, qiymət artımlarından sonra ictimai nəqliyyat sektoru nə qazanacaq?

 

Qiymət artımlarından sonra Bakı Metropitenin gəlirləri təxminən 21 milyon manat artacaq. 2022-ci ildə metrodan 208,696 milyon sərnişin istifadə edib. Otuz qəpiklə hesabladıqda bu qədər sərnişin gediş haqqına 62,7 milyon manat ödəyib. Yeni tariflə hesabladıqda sərnişinlərin ödənişləri 83,5 milyon manata yüksələcək.

 

Avtobus marşrutlarında yığılan pullar daha çox artacaq. Rəsmi statistikaya əsasən ötən il avtobus nəqliyyatı ilə 1,321 milyard sərnişin daşınıb. Bunun təxminən 1,25 milyonu şəhərdaxili və qəsəbələrarası ictimai nəqliyyatın payına düşür. Burada qiymətlərin 10 qəpik artdığını nəzərə alsaq avtobusla sərnişindaşımadan yığılan pulun ən azı 125 milyon manat artacağını təxmin edə bilərik.

 

Beləliklə, yalnız 10 qəpiklik qiymət artımının hesabına əhalinin metro, şəhərdaxili və qəsəbələrarası avtobus xidmətlərindən istifadəyə görə illik xərcləri azı 145 milyon manat artacaq.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR