Zamanı 20 dəqiqə qabaqlayan Nobel qardaşlarının hekayəsi: Lənkəranda ağac axtarırdılar, amma... - REPORTAJ

Zamanı 20 dəqiqə qabaqlayan Nobel qardaşlarının hekayəsi: Lənkəranda ağac axtarırdılar, amma... - REPORTAJ

Hər il müxtəlif sahələr üzrə təqdim edilən məşhur Nobel mükafatının kapital payında Azərbaycan neftinin istehsalından və neft məhsullarının istehlakından əldə olunan gəlirlərin də müstəsna rolu var. Bakı neft sənayesinin yatırımında iştirak edən ilk əcnəbilərin Robert və Lüdviq qardaşlarının olduğu yəqin hər kəsə bəllidir. Söhbət Nobellər ailəsinin nümayəndələrindən gedir. Doğru zamanda doğru məkanda olan bu qardaşların milyonerliyə gedən yolunda paytaxtımızın özəl payı danılmazdır. Bu şəxslərin İsveç sərhədlərindən kənarda yerləşən evi isə hazırda Bakının Nizami parkında yerləşir.

 

Sfera.az-ın əməkdaşı keçmiş neft maqnatlarının bizə yadigar qalan ev-muzeyində olub.

 

Tarix qoxuyan məkanla tanışlığımız muzeyin direktoru Fuad Qasımov vasitəsilə baş tutdu. Sevindirici haldır ki, əvvəllər çox insanın xəbərsiz olduğu bu yerə artıq müxtəlif ölkələrdən gələn turistlərlə yanaşı, tələbələr, sadə vətəndaşlar da üz tuturlar. Muzeyə səfərimiz də həmin günlərdən birinə təsadüf etdi. Bizi Fuad bəylə yanaşı, turizm sahəsi ilə maraqlanan bir sıra tələbələr qarşıladı. Altı otaqdan ibarət binanın giriş hissəsində Nobel qardaşlarına məxsus qədimi sandıq və böyük şamdanlar var idi. Ümumiyyətlə isə bina ikimərtəbəlidir - birinci mərtəbədə muzey, ikinci mərtəbə isə Bakı Nobel Neft Klubu yerləşir.

 

Sən saydığını say, gör Bakı nə deyir...

 

 

Nobellər ailəsi İsveçdə yaşayır və burada silah istehsalı ilə məşğul olurdular. 1843-cü ildə Nobel qardaşlarının atası Emmanuel oğulları Alfred, Lüdviq və Robertlə birgə İsveçdən Rusiyaya gəlir və Krım müharibəsinə cəlb olunan Rusiya ordusu üçün silah istehsal etməyə başlayır. Məkanı yavaş-yavaş gəzən zaman müsahibimiz Fuad Qasımov Nobel qardaşlarının Bakıya gələn ilk nümayəndəsinin Robert olduğunu xatırladır: “Onu bura yollayan isə qardaşı Lüdviq idi. Silah istehsalı ilə məşğul olan Nobel qardaşlarının tüfəng qundağı üçün daha möhkəm ağaca ehtiyacları yaranmışdı. Keçmiş çar Rusiyasının ərazisində ağac axtarışına çıxan Nobel qardaşlarının ən kiçiyi - Robert Lənkərana qədər gəlib çıxır. Robert Nobel geri qayıdanda yolunu Bakının Balaxanı, Suraxanı ərazilərindən salır və neft quyularını görür. O, yeni inkişaf etməyə başlayan neft sənayesinin geniş imkanlarını anlayır. Sankt-Peterburqa dönən Robert 1874-cü ildə yolunu yenidən Bakıdan salır. İlk aldığı kiçik ağ neft emal zavodu olur. Çox qısa müddətdə Nobel qardaşları Abşeronun bir sıra neft mədənlərinin sahibi olur, bir sıra zavodlar alırlar”.

 

Nobel qardaşlarının Xətaidəki irsi...

 

Muzey direktorunun sözlərinə görə, 1882-ci ildə isə hazırda Nizami parkında yerləşən ev tikilməyə başlanılır və inşaat işləri 1884-cü ildə başa çatdırılır. Elə həmin ildən Nobel ailəsi Bakıya köçür. 1884-cü ildə onlar həm də ilk məktəblərini tikib qurtarırlar. Məktəb cəmi yeddi uşaq və bir müəllimədən ibarət idi. Söhbət bu gün Xətaidə yerləşən 56 saylı məktəbdən gedir. F.Qasımov deyir ki, 1892-ci ildə qardaşların iş fəaliyyətinin genişlənməsi, işçilərin sayının artması səbəbindən məktəbdəki uşaqların sayı 70-ə qədər artır: “1904-cü ildə şagirdlərin sayı 150-yə çatdıqda Emmanuel Nobel köməkçilərini bir yerə toplayır və məsləhətləşdikdən sonra böyük əmisi Robert Nobelin şərəfinə 100 min rubl pul ayıraraq ikimərtəbəli məktəbi tikirlər. Burada şagirdlərə bilik verilməsi ilə yanaşı, xüsusi dərnəklər də fəaliyyət göstərirdi. Növbəti zamanlarda xəstəxana kimi fəaliyyət göstərən məkan 1947-ci ildə yenidən məktəb olub. Məktəbin üzə çıxmağında həm Nobel Fondu, həm də direktor Könül Hüseynovanın rolu var”.

 

“Ölüm kralı” Bakıya gəlməkdən niyə imtina etdi?

 

 

Altı otaqdan ibarət olan binada Bakıda və regionda ilk dəfə olaraq “Bells” telefonu quraşdırılıb. 1875-ci ildə Nobel ailəsi telefonu bura gətirir və ilk zəng rus çarı ilə dostluq danışıqları olur. Muzey direktoru qeyd edib ki, telefon daha sonra fabrikdə də quraşdırılıb və onun vasitəsilə hər hansı problem yaşandıqda çalışanlar ailə ilə əlaqə yarada, lazım olan məsləhəti ala biliblər. Növbəti otaqlardan birinə keçən zaman divarda Robertlə yanaşı, Alfredin də portreti ilə qarşılaşdıq. Dinamiti kəşf edən, tüstüsüz barıtın tərkibini tapan həmin məşhur kimyaçı... Alfred Nobel heç vaxt Bakıya gəlməyib. Hər şeyi yerlə-yeksan edə biləcək ixtirasına görə “ölüm kralı” kimi tanınan Alfred məhz bu səbəbdən depressiyaya düşüb. Onların ailəsi 4 qardaşdan ibarət idi – Robert, Lüdviq, Alfred,Emil.. Ən kiçik qardaş, yəni Emil Alfredin laboratoriyasını ziyarət edir və həmin zaman baş verən partlayış səbəbindən o, 18-19 yaşlarında dünyasını dəyişir. Robert Alfredi Bakıya dəvət etmək üçün qardaşına üç dəfə məktub yazsa da, o, bunu qəbul etməyib. Dinamitin getdikcə insanların ölümünə səbəb olması ucbatından, eyni zamanda kiçik qardaşının itkisinə görə Alfredin daxili dünyası böhranlı vəziyyətdə idi. Robertə cavab olaraq stress yaşadığını, təbiət qoynunda olmaq istədiyini, mazot qoxan şəhərə gəlmək istəmədiyini bildirib. Alfred özünə gələ bilmək üçün Fransa, Sankt-Peterburq kimi yerlərdə yaşamağa üstünlük verib.

 

Muzeydəki “kədərli heykəl”...

 

 

Alfredin həm də burada maraqlı heykəli var. Muzeyin çöl hissəsində olan bu heykəldə Alfred əlindəki qəzetə kədərlə baxır. Fuad bəy bunun hekayəsini də bizimlə bölüşdü. “Bu, Alfred Nobelin həyatının ən pis anlarından biridir. Həmin zaman neft, silah sənayəsindəki inkişafları əlbəttə, rəqabəti də artırırdı. Rotşildlər, Rokfellər Nobel ailəsi ilə daim mübarizədə idi. Onlar ailəyə zərbə vurmaq üçün müxtəlif şeylər düşünürdülər. Alfredin də depressiyada olduğu bəlli idi, həmin dönəm onlar fransız qəzetinə pul verərək ““Ölüm kralı” vəfat etdi” xəbərini tirajlayırlar. Vəfat edən isə Alfredin ikinci qardaşı Lüdviq idi -1888-ci ildə.. Alfred sözügedən xəbəri oxuduqdan sonra vəziyyəti daha da pisləşir. Gördüyünüz kimi, heykəldə də o, düşüncəli görünür. Öldükdən sonra onu bu cür xatırlayacaqları üçün heyfslənir. Təəssüf ki, eyni ildə də Alfred Nobel vəfat edir”.

 

Hacı Zeynalabdin Tağıyev və Nobel qardaşlarının dostluğu..

 

 

Otaqların birində Azərbaycan milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyevdən yadigar qalan əşyaya rast gəlmək olur. F.Qasımov deyir ki, Tağıyev Emmanuel Nobelin yaxın dostu olub: “Hətta onlar demək olar ki, bütün işlərdə birlikdə çalışırdılar. Emmanuelin 50 yaşı olanda Tağıyev ona qızıl suyuna salınmış saat hədiyyə edir”. Odur ki, həmin hədiyyəni daha yaxından görmək istəyirsinizsə, yolunuzu mütləq bu evdən salmalısınız.

 

20 dəqiqə qaydası..

 

Söhbət saatlardan düşmüşkən, Nobel ailəsinin maraqlı ritualından söz açmasaq, günah olar. Eşidən zaman olduqca maraqlı gələn bu məlumatı siz də bilməlisiniz. Fuad bəyin sözlərinə görə, Nobellər sahibi olduqları bütün saatları 20 dəqiqə önə çəkirmişlər. Məqsəd isə insanları hər şeydə qabaqlamaq idi. Bəlkə də buna görə onların milyonerliyə gedən yolu daha uğurlu olub. Nobellərin güc simvolu Nobellər ailəsinə məxsus olan maraqlı əşyalardan biri də iş masası idi. Bu, sıradan masa deyil, ayaqları aslan pəncəsi formasındadır. Təkcə burada deyil, qardaşlara məxsus olan digər mobil əşyalarda da aslan başı və ya bu heyvanı təcəssüm etdirən əlamətlər görmək mümkündür. Sən demə, Nobel ailəsi üçün bu, güc simvolu olub. Muzeydə həmçinin Nobellərin işləri ilə bağlı müzakirələr apardığı otaq da yerləşir. İnsanların rahatlığını təmin etmək üçün rəsmlərlə bəzədilən həmin otaq bu gün də tədbirlər üçün istifadə edilir.

 

“Nobel”siz qalan azərbaycanlı alim..

 

Otaqda diqqətçəkən rəsmlərdən biri də görkəmli alim Həsən Abdullayevin portretidir. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olan alim Sovet hakimiyyəti dövründə yarımkeçiriciləri ilk tədqiq edənlərdən biri olub. Ömrünün əlli ilindən çoxunu yarımkeçiricilər fizikasına və biofızikaya həsr edən Abdullayevin SSRİ dönəminə görə geri planda qaldığını desək, yəqin ki, yanılmarıq. Sovet hakimiyyəti zamanı alimin işini dünyaya təqdim etməsi üçün Moskvada olan başqa bir professora ötürürlər. Nəticədə sözügedən təqdimatdan sonra həmin şəxslər Nobel mükafatı alır, Həsən Abdullayev isə haqqı olanı əldə edə bilmir.

 

Çadraya bürünüb qaçdılar..

 

 

Digər bir otaqda isə çalışanların, o cümlədən Nobel qardaşlarının fotoları yer alırdı. Nobel qardaşları sadə insanlar olub. Onlar iş keyfiyyətinin artırılması üçün çalışanlarına hər cür şərait yaradıblar - məktəb, xəstəxana, teatr, sığorta... “Nobel ailəsinin çalışanlarına olan münasibəti həm də onların xeyrinə işlədi. Bəlli məsələ idi ki, bolşeviklər onları öldürüb əmlaklarını əllərindən alacaqdılar. Həmin çalışanlar Nobel ailəsinə buradan qaçmaq üçün ideya verirlər. Onlar ailəyə ancaq müsəlman qadınların geyimindən istifadə edərək (niqab) İran-Türkiyə vasitəsilə qaçıb öz ölkələrinə dönə biləcəklərini deyirlər. Bakıdan son qaçan Nobel ailəsinin nümayəndəsi isə Emmanuel olur”, deyə müsahibimiz F.Qasımov deyir. Otaqda həmçinin dünyada ilk neft daşıyan tankerin - “Zoroastr”-ın fotosunu görmək mümkündür. Maraqlıdır ki, “Zoroastr” vasitəsilə neft buradan Skandinaviya ölkələrinə aparılır, geri döndükdə isə buz gətirilirdi. Həmin buzun yarısını isə evin altına yerləşdirilir və havalandırma sistemi qurulurdu. Buzun qalanını isə içməli su kimi istifadə edirdilər.

 

Muzeydəki əşyaların yarısı Nobel ailəsinə məxsusdur, yarısı isə Nobel İrsi Fondunun keçmiş sədri mərhum Toğrul Bağırzadənin maliyyə dəstəyi ilə tarixi materiallar əsasında toplanıb. Zəruri qeyd: T.Bağırov siyasi elmlər doktoru, professor idi. O, elmi fəaliyyəti ilə yanaşı, xeyriyyəçilik missiyası ilə də tanınırdı. 2003-cü ildə T.Bağırov Nobel qardaşlarının varislərini birləşdirən Nobel Ailələri Cəmiyyət ilə birgə Bakı Nobel İrsi Fondu (BNİF) yaradıb. Nobel qardaşlarının tarixi irsinin bərpa edilməsi sahəsindəki xidmətlərinə görə Toğrul Bağırov İsveç Krallığı tərəfindən "Royal Polar Star" (Qütb ulduzu) ordeni ilə təltif olunub. Hazırda Bağırovun layiqli davamçısı onun həyat yoldaşı, Bakı Nobel İrsi Fondunun sədri Dr. Sevinc Bağırovadır.

 

Qeyd edək ki, muzeydə Nobel ailəsinə məxsus kabinlər, güzgülər, 2007-ci ildə Bakıya gələn Nobel ailəsinin nümayəndələrinin hədiyyəsi – nöyütlə isidilən çayniklər, Santk-Peterburqdan alınan royal, ailənin silah istehsal etdikləri şirkətin sənədləri, müxtəlif tablolar, samovarlar, dəmir ağacdan hazırlanan masa, qramafon və.s. kimi maraqlı eksponatlar da var.

 

Günay Rəsulqızı

Fotolar: Anar Bayramlı


OXŞAR XƏBƏRLƏR