Ölüm gününü hesablayaraq tapan fransız alim Abraham de Muavr haqqında MARAQLI FAKTLAR

Ölüm gününü hesablayaraq tapan fransız alim Abraham de Muavr haqqında MARAQLI FAKTLAR

Bütün həyatı boyu uğurlu riyaziyyatçı kimi tanınmaq istəyirdi, lakin şərait buna heç vaxt imkan vermədi. O, çox istədiyi arzusuna ən gözlənilməz anda çatdı. Söhbət öləcəyini günü bilən alimdən - fransız əsilli ingilis riyaziyyatçısı Abraham de Muavrdan gedir.

 

Sfera.az Abraham de Muavrla bağlı maraqlı məlumatrı təqdim edir.

 

O, kompleks ədədin qüvvətə yüksəldilməsi qaydasını tapan (Muavr düsturu) şəxsdir.

 

 

Abraham de Muavr - 1667-ci ildə Fransanın Vitri-le-Fransua şəhərində anadan olub.  Atası Daniel cərrah idi və övladının gələcəkdə təhsil alması üçün köməyini əsirgəmirdi. Muavr 11 yaşına kimi “Xristian qardaşlar” adlı dini təriqətin Katolik məktəbində təhsil alır. Daniel protestant idi və 1678-ci ildə Muavrın 11 yaşı tamam olanda, onu Sedan şəhərində protestantların təhsil aldığı Sedan Akademiyasına verir. 1682-ci ildə isə katolik kilsəsi tərəfindən bu akademiya bağlanılır. 6 il keçdikdən sonra 27 aprel 1688-ci ildə Muavr protestant olduğu üçün ölkəni tərk etməyə məcbur olur. İngiltərənin paytaxtı London şəhərinə köçdükdən sonra ömrünün sonuna kimi burada yaşayır. 

 

Nyutonun sevimlisi…

 

Abraham de Muavr kiçik yaşlarında riyaziyyat elminə olan istedadını kəşf edib və özünü təkmilləşdirmək üçün dövrün ən məşhur riyaziyyatçılarının əsərlərini oxuyub. O illərdə başqa ölkədə yaşamaq, özünü sübut etmək çox çətin idi. Məhz buna görə də Muavr heç vaxt arzuladığı işi həyata keçirmək üçün mühit tapmayıb. O, imkanlı ailələrin azyaşlı uşaqlarına riyaziyyat dərsi verməklə dolanıb. Abraham hətta pul qazanmaq üçün bir dönəm şans oyunları oynayanlara və şahmatçılara taktika verib. Həmişə uğurlu proqnozlar verən alimə görə isə “şans” deyə bir şey olmayıb. Onun fikrincə, bütün ehtimalların nisbəti aydın idi və geriyə yaxşı hesablamaq qalırdı. Bu isə hər kəsin bacaracağı iş deyildi. Abraham “analitik həndəsə və ehtimal nəzəriyyəsinin atası” sayılırdı. Abraham de Moivre istədiyi işi görə bilməsə də, məşhur riyaziyyatçı olmaq arzusundan heç vaxt dönməyib. 1700-cü illərdə Londonda elmi qruplarda yer qazanan Muavr  Edmund Halley və İsaak Nyuton kimi adlarla yaxın dostluq edir. O, 1692-ci ildə ingilis astronomu Edmund Halley ilə tanış olur. Bir müddət keçəndən sonra isə İsaak Nyutonla görüşür və ona riyazi məsələlərdə kömək edir. Rəvayətə görə, bir dəfə İsaak Nyutonun yanına riyazi xarakterli çox asan sualları araşdırmaq üçün gəlirlər. Bu zaman Nyuton "Muavrın yanına gedin, o bunu məndən yaxşı ayırd edə bilir", - deyir.

 

“15 dəqiqə” şifrəsi..

 

Onun haqqında deyilən müsbət sözlərə baxmayaraq, Abrahamın həyatı boyu əldə etdiyi nailiyyətlər onu heç vaxt qane etməyib.  Bununla belə, o, elmi ictimaiyyətdə, xüsusən də Londonda tanınmış şəxsiyyətə çevrilib. Orta yaşlarında Muavr öz tədqiqatlarını aktuar (sığorta hesablamaları) üzərində cəmləyib. Həmin illərdə o, pozitivlik statistikası və illik pensiya hesabları üzərində işləyib. Bu isə bir çox qurumların işini asanlaşdırıb. Lakin alimin özünü yorğun hiss etməsi, boş yerə cəhd etdiyini düşünməsi psixologiyasına mənfi təsir göstərməyə başlayıb. Daxili aləmində yaşadığı duyğular onun özündə bir dəyişikliyi dərk etməsinə səbəb olub. Muavr tibbdə “süstlük” olaraq təyin olunan yorğunluq hissinə görə hər gün normal yuxu müddətindən 15 dəqiqə çox yatdığını anlayıb. Ömrünü ehtimallara və statistikaya həsr edən Abraham öz xəstəliyi ilə bağlı hesablama aparmağa qərar verib. Bir çox xəstəliklərin insanların ölüm ehtimalını artırdığına inanan alim uzun saatlar apardığı hesablamalardan sonra nəhayət ölüm tarixini müəyyən edib. Belə ki, onun hesablamalarına əsasən, əvvəlki gündən 15 dəqiqə çox olan yuxu vaxtı 24 saata çatan zaman onun ölüm günü gələcəkdi. Yəni o, 27 noyabr 1754-cü ildə ölməli idi. Maraqlısı odur ki, alim ölümündən 2-3 ay əvvəl, dəqiq təxmin etdiyi gündə də vəfat etdi. Lakin onun sağlamlığına bilərək zərər vurduğu və buna görə öldüyü düşünülür. Buna baxmayaraq, Muavrın proqnozlaşdırdığı dəqiq tarixdə ölməsi bu gün də sirr olaraq qalır.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR