Böyük Qayıdış dövlət büdcəsi hesabına maliyyələşdirilir

Böyük Qayıdış dövlət büdcəsi hesabına maliyyələşdirilir

İşğaldan azad edilən ərazilərə qayıdış Azərbaycan dövlətinin və cəmiyyətinin qarşısında dayanan əsas hədəflərdəndir. 


Sfera.az bildirir ki, bu məqsədlə 2021-ci ildən başlayaraq hərtərəfli, proqram xarakterli tədbirlər həyata keçirilir. 


Məlumdur ki, sözügedən ərazilər 30 ilə yaxın müddətdə işğal altında saxlanılıb. 


İşğal dövründə bu ərazilərdə Azərbaycanın şəhərləri və digər yaşayış məntəqələri, o cümlədən infrastruktur obyektləri tamamilə dağıdılıb, milli-mədəni irsimiz məhv edilib, təbii sərvətlərimiz talan edilib, iqtisadiyyata əhəmiyyətli zərər vurulub, 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.


İllərlə formalan problemlərin qısa müddətdə aradan qaldırılması olduqca çətindir. İlkin qiymətləndirmələrə görə Böyük Qayıdışın təmin edilməsi üçün ən azı 25-30 milyard manat həcmində vəsait lazımdır. Bu qədər böyük vəsaiti qısa müddətdə təmin etmək mümkün deyil. Amma buna baxmayaraq Azərbaycan dövləti və cəmiyyəti səfərbər olaraq, bütün imkanlarından istifadə etməklə Qarabağa qayıdışı təmin etməkdə israrlıdır. 


2021 və 2022-ci ildə Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası işlərinin geniş vüsət alması da bunu təsdiqləyir. Ötən iki ildə işğaldan azad olunan ərazilərin bərpası üçün 6,5 milyard manat vəsait xərclənib. Bunun 2,2 milyard manatı 2021-ci ildə, qalan 4,31 milyard manatı 2022-ci ildə ayrılaraq xərclənib. 


2022-ci ilin dövlət büdcəsindən cəm olaraq 4 milyard 315 milyon manat vəsait ayrılıb. Halbuki dövlət büdcəsinin ilkin proqnozunda 2 milyard 670 milyon manat vəsait ayrılması nəzərdə tutulmuşdu. İl ərzində xərclənən vəsait nəzərdə tutulan məbləğdən 61 faiz çox olub. Bu, ötən ilin dövlət büdcəsindəki vəsaitlərin çevik idarəedilməsi hesabına mümkün olub. 


2022-ci ildə daha çox vəsaitin ayrılması Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası, ölkə iqtisadiyyatına reinteqrasiyası və ərazilərə Böyük Qayıdışın təmin edilməsi prosesinin sürətlənməsinə kömək edib. 


İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın tərkib hissəsi kimi əhalinin dayanıqlı məskunlaşması üçün ərazilərdə ilkin şərtlərin yaradılması, “ağıllı şəhər və ağıllı kənd” konsepsiyaları əsasında yaşayış və qeyri-yaşayış komplekslərinin inşası planlaşdırılır. Məskunlaşma ilə bərabər qabaqcıl rəqəmsal texnologiyaların geniş tətbiqi ilə müasir sosial və biznes infrastrukturunun yaradılması, ümumi məhsul buraxılışında, ixracda və məşğulluqda işğaldan azad edilən ərazilərin payının artırılması kimi mühüm tədbirlərin mərhələli şəkildə, prioritetlik prinsipi ilə, səmərəlilik şərtləri nəzərə alınmaqla və müasir təcrübəyə əsaslanmaqla icrası üçün zəruri maliyyə təminatının yaradılması da dövlət qarşısında duran əsas çağırışlardandır.


Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında infrastrukturun yenidən qurulması, digər abadlıq-quruculuq işlərinin həyata keçirilməsi sayəsində bölgənin Azərbaycan iqtisadiyyatına reinteqrasiyası təmin olunacaq ki, bu da öz növbəsində iqtisadiyyatın bir çox sektorlarının inkişafı üçün yeni imkanlar yaradacaqdır. Digər tərəfdən, həmin bölgədə kommunikasiyaların açılması regionda sülhün, təhlükəsizliyin, rifahın vəqarşılıqlı faydalı əməkdaşlığın əsasını qoyacaqdır.
Tarixi torpaqlara Böyük Qayıdış, azad olunmuş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası, yenidənqurma və bərpa işləri, həmçinin postpandemiya dövründə ölkə iqtisadiyyatının canlandırılması istiqamətində görüləcək tədbirlərin əsas hissəsinin, təbii olaraq dövlət büdcəsinin xərcləri hesabına maliyyələşdirilməsi nəzərdə tutulur. 


2023-cü ilin dövlət büdcəsindən 2,3 milyard manatın ayrılması nəzərdə tutulub. Bu xərclər dövlət büdcəsi üçün böyük maliyyə yükü yaratsa da xərclər növbəti illərdə ÜDM-in, xüsusən də qeyri-neft ÜDM-in artımına, eləcə də əhalinin məşğulluğunun və sosial rifahının daha da yaxşılaşmasına səbəb olacaq. Qoyulan sərmayələr öz növbəsində büdcənin qeyri-neft gəlirlərinin tədricən artmasına gətirib çıxaracaqdır.


Qeyd edək ki, Böyük Qayıdış tədbirlərində sistemliliyi təmin etmək üçün ötən ilin noyabrında Dövlət Proqramı qəbul edilib. Bu proqramın məqsədi ərazilərdə təhlükəsiz yaşayışı və dövlət idarəetməsini təşkil etmək, şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisini və dayanıqlı infrastrukturla təminatını həyata keçirmək, müasir standartlara uyğun xidmətlərin yaradılmasını təmin etməkdir. Bundan başqa ərazilərdə məskunlaşacaq əhalinin sosial müdafiəsini gücləndiriləcək, əhalinin məşğulluq imkanları artırılacaq, sosial xidmətlərin əhatə dairəsini genişləndiriləcək və əlçatanlığı təmin ediləcək. 


Dayanıqlı sosial-iqtisadi inkişafı təmin etmək, sahibkarlıq mühitinin əlverişliliyini artırmaq və biznes fəaliyyətinin inkişafına dəstək vermək, ərazilərin kənd təsərrüfatı potensialından səmərəli istifadə olunması üçün müasir suvarma infrastrukturu formalaşdırmaq,  dayanıqlı və mütərəqqi kənd təsərrüfatı təcrübələrini tətbiq etmək də əsas məqsədlərdən biridir. 


Dövlət proqramı çərçivəsində təbii ehtiyatları və sosial-iqtisadi potensialı təsərrüfat dövriyyəsinə cəlb etmək, turizm sektorunun perspektiv inkişaf imkanlarından effektiv istifadəyə nail olmaq, ətraf mühitin etibarlı mühafizəsini və ekoloji təhlükəsizliyi təmin etmək, təbii resurslardan səmərəli və effektiv istifadə etmək, “Ağıllı şəhər”, “Ağıllı kənd” və “Yaşıl enerji zonası” konsepsiyalarının tətbiqini təşviq etmək də başlıca hədəflərdən biridir.


Sadalanan tədbirlərin 2026-cı ilə qədər həyata keçirilməsi nəzərdə tutulub. Bu işlərin icra edilməsində əsas maliyyə yükü dövlət büdcəsinin üzərinə düşəcək. 

 

Vasif


Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb
 
Mövzu: işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”

 


 


OXŞAR XƏBƏRLƏR