Ararat Mirzoyanın üçtərəfli dialoqla bağlı fikirləri nəyə xidmət edir? - Açıqlama

Ararat Mirzoyanın üçtərəfli dialoqla bağlı fikirləri nəyə xidmət edir? - Açıqlama

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rəsmi Yerevanın Cənubi Qafqaz ölkələrinin üçtərəfli dialoqunda maraqlı olduğunu deyib. O, “Tbilisi platforması”nı Ermənistanla Azərbaycan arasında ikitərəfli görüşlər çərçivəsində deyil, regional üçtərəfli müzakirələr sferasında nəzərdən keçirdiklərini bildirib.

 

Maraqlıdır, erməni tərəfinin üçtərəfli dialoqda marağı nə ola bilər və bu format Azərbaycan üçün hansı müsbət nəticələr vəd edir?

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Tofiq Abbasov bu məsələdə Ermənistanın bir niyyətinin olduğunu deyib:

 

“İstər Ararat Mirzoyan, istərsə də Nikol Paşinyan bu qəbildən olan bəyanatları tez-tez səsləndirirlər. Ancaq bunlar sadəcə bəyanat olaraq qalır. Bir halda ki, erməni diplomatiyası işlək vəziyyətdə deyil, onlardan nə gözləmək olar? Bu ölkənin proseslərə xüsusi yanaşması yoxdursa, Şərqdən və Qərbdən təlimat gözləyirlərsə, o zaman belə bəyanatlar sadəcə formal xarakter daşıyır. Ermənistan bununla Azərbaycanı çaşqın vəziyyətə salmaq, fikrimizi yayındırmaq istəyir. Onlar bütün dünyanı ayağa qaldırmaq istəyirlər ki, guya Qarabağda bir qrup erməni blokadadır və onların həyatları təhlükədədir. Ermənilər indi bunun üzərində çalışırlar. Ermənistanın indiki məqamda danışıqlara getmək üçün sözü yoxdur”.

 

Politoloq Tbilisinin Ermənistanın adından Azərbaycana çağırış etməli olduğunu sözlərinə əlavə edib. Ekspert rəsmi İrəvanın hazırda beynəlxalq ictimaiyyətə oynadığını qeyd edib:

 

“Biz 5 təklifdən ibarət danışıqlar paketini vermişik və sözdə onu qəbul ediblər. Lakin biz onu müşahidə etdik ki, onlar yalnız Azərbaycanın başının altına yastıq qoymağa çalışırlar. Ona görə bu tip mesajları beynəlxalq birlik üçün səsləndirirlər. Əgər bəyanatlarında səmimidirlərsə, bunu sübut etmək lazımdır. Tbilisi onların adından bizim tərəfə çağırış etməlidir. Lakin biz bunların heç birini görümürük. Bu təklif Prezident İlham Əliyev tərəfindən də səsləndirilib ki, üçtərəfli danışıqlar hər bir dövlətin, o cümlədən regionun xeyrinə olardı. Ermənistan sözü kənara atıb hərəkətə keçməyənədək biz bu açıqlamalara inanmayacağıq".

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR