Qiymət artımı sərnişindaşımanın keyfiyyətinə təsir edəcəkmi? – “Pik saatlarda...”

Qiymət artımı sərnişindaşımanın keyfiyyətinə təsir edəcəkmi? – “Pik saatlarda...”

Tarif Şurasının ictimai nəqliyyatda gedişhaqqının artırılması ilə bağlı qərarında belə bir cümlə qeyd olunub: “Tarif dəyişikliyi nəticəsində yaranacaq əlavə vəsait avtobus parklarının yenilənməsinə imkan yaradacaq, xidmətin keyfiyyətinin yüksəldilməsinə və dayanıqlılığına müsbət təsir göstərəcək”.

 

Buna baxmayaraq, sosial şəbəkələrdə əksəriyyət qərarın sərnişindaşımanın keyfiyyətinə müsbət təsirlərinin olacağına şübhə edir.

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyib ki, sözügedən artım ictimai nəqliyyatın maliyyə-iqtisadi çətinliklərini həll etməyəcək:

 

“Sahənin iqtisadiyyatını araşdıranlar vurğulayırlar ki, istər metro, istərsə də avtobusla bir səyahətin maya dəyəri artımdan sonrakı gediş haqqından da çoxdur. Belə olan halda, daşıyıcılar yenə də mənfəət əldə edə bilməyəcək, zərərlə işləyəcək, yaxud zərərlə işləməmək üçün bu sahəni tənəzzülə aparan və xərcləri azaldan addımlar atacaqlar. Məsələn, yenə də avtobusların hamısı xəttə çıxa bilməyəcək, intervallar artacaq, pik saatlarından kənar vaxtlarda küçələrdə avtobus tapılmayacaq, sınıq-salxaq avtobuslar istismarda qalacaq və s. Nəticədə ictimai nəqliyyat xidmətinin keyfiyyəti aşağı düşəcək, hətta əksinə çökməkdə davam edəcək. Bu artım ictimai nəqliyyat sektoru üçün təxminən belə ifadə edilə bilər: “Alın, sizə daha 10 qəpik veririk, gedin birtəhər başınızı girələyin”.  Artımdan sonra da ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin qalxmasını gözləməyə dəyməz”.

 

Ekspert qeyd edib ki, bu sahəyə dövlətin yanaşması radikal olaraq dəyişməlidir: “İctimai nəqliyyatın yalnız gediş haqları hesabına maliyyələşdirilməsi yığışdırılmalı, dövlətin bu sahəyə çevik və ciddi maliyyə dəstəyi mexanizmi yaradılmalı və həyata keçirilməlidir”.

 

Digər müsahibimiz nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfər deyib ki, artıq ictimai nəqliyyatda işləyən daşıyıcı şirkətlər onların qarşısına qoyulan tələblərə əməl etməlidirlər:

 

“Bu isə sərnişindaşınmada xidmət səviyyəsinin yüksəldilməsi, keyfiyyətli avtobusların maşruta buraxılması, avtobus sayının yenidən artırılmasıdır. Artıq özəl daşıyıcılar bu öhdəlikləri yerinə yetirməlidirlər. Qiymət dəyişikliyi olan kimi ictimai nəqliyyatda sərnişindaşınmanın keyfiyyətinin yüksəlməsinə isə əmin deyiləm. Buna bir qədər vaxt lazımdır. Ən azı 3 ay gözləməli olacağıq. Lakin bu müddətdən sonra da vəziyyət əvvəlki kimi olacaqsa, ictimai nəqliyyat sektoru bərbad halda qalacaqsa, keyfiyyəti yüksəldə bilməyən özəl daşıyıcı şirkətləri hazırkı fəaliyyətlərindən uzaqlaşdırılmalıdırlar”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR