Pakistanda terror aktında ölənlərin sayı 59-a çatdı

Pakistanda terror aktında ölənlərin sayı 59-a çatdı

Pişəvərdə məsciddə törədilən terror aktı nəticəsində ölənlərin sayı 59 nəfərə çatıb, 157 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. İlkin məlumatlarda terror aktı nəticəsində 17 nəfərin öldüyü məlum idi.

 

Sfera.az bildirir ki, sağ qalanların dağıntılar arasından çıxarılması davam edir. 

 

Ölənlərin əksəriyyətinin polis və digər hüquq-mühafizə orqanlarının əməkdaşları olduğu bildirilir.

 

Qeyd edək ki, kamikadze bombanı günorta namazı vaxtı partladıb. Həmin vaxt məsciddə çoxlu sayda hüquq-mühafizə orqanlarının əməkdaşları və Pakistan hərbçiləri olub.

 

Jurnalistlərin məlumatına görə, partlayış nəticəsində məscidin divarlarından biri tamamilə uçub. Hücuma görə məsuliyyəti Pakistan Taliban terrorçuları öz üzərinə götürüb.

 

Pakistanın baş naziri Şahbaz Şərif terrorçulara qarşı güclü tədbirlər görüləcəyini bildirib.

 

Xatırladaq ki, 2021-ci ildə Taliban Əfqanıstanda hakimiyyətə gəldikdən sonra Pakistanla sərhəddə vəziyyət xeyli pisləşib. İki dövlət arasında əfqan puştunlarını pakistanlılardan ayıran 2640 kilometrlik qeyd edilməmiş sərhəd olan Durand xətti uğrunda mübarizə gedir.

 

Pakistan hakimiyyəti vəziyyəti gərginləşmək istəmir. Qəndəharın təşəbbüsü ilə ötən ilin dekabrında din xadimlərindən ibarət 16 nəfərlik nümayəndə heyəti Talibanla danışıqlara gedib.

 

Aynil


OXŞAR XƏBƏRLƏR