Rəsul Çunayev: "Mənə zəng edənlər ya pul istəyir, ya da iş" - Müsahibə
Müsahibə
20:53 / 05.10.2016
2629
Təkcə qələbələri, qazandığı adlarla deyil, rəqsi, etdiyi jestlərlə daima diqqət mərkəzində olan Çunayevin müsahibəsi:
-Ailəmiz anam, atam və iki bacımdan ibarətdir. Anam evdar qadındır, bacımın biri tibb bacısıdr. Atam təsərrüfat işləri ilə məşğul olur.
-Yadımdadır, Rio Olimpiadasında siz meydana çıxanda ananızın halı pisləmişdi. Görünür, ailəniz yarışlara həssas yaşanır.
-Bəli. Xüsusən də anam mən meydana çıxanda həyəcan yaşayır. Bacımın biri yarışlara baxa bilir, biri isə ümumiyyətlə, baxa bilmir. Anam isə həmişə çox böyük həyacanla yarışlarıma baxır. O qədər narahat olur ki, axırda dərman qəbul etməli olur.
- Müsahibələrdən birində orta məktəbdə yaxşı oxumadığınızı demişdiniz. İdmançı üçün ali təhsilin önəmi yoxdur?
-Yaşım az olanda çox şeyi dərk etmirdim, oynamaq, əylənmək haqqında düşünürdüm. İndi dərslərimi yaxşı oxumadığıma görə peşmanam. Çalışıram keçmişdə buraxdığım səhvləri düzəldim. Çoxları bəlkə də bilmir, İdman Akademiyasının məzunuyam. Bundan əlavə hazırda Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsininin birinci kursunda təhsil alıram. İdmançı olanda nə olar, adamın gərək savadı da olsun.
-Maraqlıdır, idman və hüquq tam fərqli sahələrdir. Niyə bu ixtisası seçdiniz, səbəbini bilmək olar?
- Bu sahəyə böyük marağım var. Öz istəyimlə hüququ seçmişəm. Gələcəkdə vətənimə xidmət etmək üçün məqsədlərim var. Ona görə də hazırda idmanda məqsədə uyğun işlərimi davam etdirirəm. İdman müvəqətidir. İdmandan sonra da uğurları başqa bir sahədə davam etdirmək lazımdır.
-Ailənizlə birlikdə yaşayırsınız?
-Mən 10 yaşımdan Bakıda yaşayıram. Son bir il yarımdır ki, anam və bacılarım yanımdadır. Atam arada gəlir-gedir. O, Bakıda qalmağı xoşlamır. Anam Bakıya gələndən sonra evdə yemək yeyirəm. Tək qalanda yemək hazırlamaq mənim üçün çətin idi. Arada Balakənə atamın yanında gedirəm ki, tək qalmasın, darıxmasın.
-10 yaşından Bakıda tək yaşamısınız?
-10 yaşımda şəxsi məşqçim İsmayıl Çöpsiyev məni Respublika İdman Litseyinə qoyub. Orada 5 il həm oxumuşam, həm də litseyin yataqxanasında qalmışam. Sözün açığı varlı ailədə böyüməmişəm, o vaxtlar imkanımız yox idi. Məqsədim uğur qazanmaq idi. Tək yaşamaq çətin olsa da, ancaq uğur, qələbə haqda düşünürdüm. Allaha şükürlər olsun, istəyimə haradasa nail olmuşam. Qələbələrimə görə dayıma və məşqçimə minnətdaram.
Yataqxanadan sonra bir müdətdə İsmayıl müəllimin evində qaldım. Dayım Dağıstanda yaşayırdı, borc-xərc edib ayda mənə 100 dollar pul göndərdi. O zaman 100 dollar böyük pul idi. Elə olurdu ki, çörəklə soğan yeyib günü keçirtmişəm.
-Hazırda gündəlik iş qrafikiniz necədir ?
-Olimpiadaya qədər gündəlik qrafikimi məşqçilərim təyin edirdi. Xüsusi dieta saxlayırdım. Günümüz məşqlərdə keçirdi. Başqa məşğuliyyətim yox idi.
Kənardan bilmirən necə görünür, amma idman çox ağır sahədir. İnanın ki, elə olur ki, xeyirə -şərə gedə bilmirik, istəyidimiz yeməyi yeyə bilmirik. Bütün həyatımıza nəzarət altında keçir.
Olimpiadan sonra bir az dincəldik. Hazırda yenidən məşqlərə başlamışam. Yeni qələbələr üçün addımlar atıram.
-Yeri gəlmişkən Rioda erməni güləşçiyə məğlub olmağınız geniş müzakirələrə səbəb olmuşdu. Hətta sizi qınayanlar da oldu...
- Ola bilər. Bunu təbii qarşılamaq lazımdır. Elə insanlara fikir verməməyə çalışıram. Meydanda sevinən də, qazanan da, itirən də mənəm. Qələbəni hamıdan çox mən istəyirəm. Heç bir idmançı uduzmaq istəmir. Amma bu idmandır. Udmaq da olur, uduzmaq da. 4 dəfə udanda bir dəfə uduzursan. Belə şeylər olur. Olimpiadada meydana çıxıb güləşmək asandır, nəyinki ora gəlib çıxmaq. Meydanda çox haqsızlıqlar görürəm. Buna baxmayaraq özümə təsəlli verib, medal qazanmağa can atıram. Bütün medallar bacı-qardaş kimidir.
-Güləşlə yanaşı gözəl rəqs etməyi də bacarırsınız. Rəqsə getmisiniz?
- Xeyr, heç vaxt rəqsə getməmişəm. Toydan-toya oynayıram. Rəqsə xüsusi marağım var, onun üçün oynayıram. Əhvalım yaxşıdırsa, oynaya bilərəm.
Yadınıza gəlirsə, bir dəfə yarışda qalib olduqdan sonra rəqs etmişdim. Yarışa gedən günü anamın ad günü, bir də əmim oğlunun toyu idi. Zarafatla demişdim ki, qalib olsam, sizin şərəfinizə oynayacam. Oynadım da.
-Yaxın dostlarınız varmı?
- Bir neçə dostum var. Onlarla uşaqlıqdan bir-birimizi tanıyırıq. Ailəvi münasibətlərimzi var. Ümumilikdə isə tanışlarım çoxdur. Amma yanıma dost kimi çox adamı buraxmıram. Vaxtımı ailəmlə birlikdə keçirməyi xoşlayıram. Uşaqları çox sevirəm. Bacımın, xalamın uşaqlarını aparıb gəzdirirəm, oynadıram. Çox adam elə bilir ki, mənim uşaqlarımdır. Uşaqların hesabına özüm də əyləncə mərkəzlərində maşın sürürəm.
-Pulu ən çox nəyə xərcləyirsiniz?
-Uşaqlıqdan xoşlayıram ki, hər şeyin yaxşısını geyinim və yeyim, bir də hədiyyə alım. Gərək hər şeyin yaxşısını edəsən ki, qarşılıqlı hörmət qazanasan. Yaxşı yemək yeyəndə insanın əhvalı da yaxşı olur. Ancaq lazımsız şeylərə pul xərcləmirəm. Pulu asanlıqla qazanmıram. Zəhmətlə, alın tərimlə qazanmışam.
Bahalı maşın alıb özümü kiməsə göstərməyi sevmirəm. Necə olmuşamsa, elə də yaşamalıyam.Allah insana pulu da, adı da bir dəfə verir. Bundan yaxşı məqsədlər üçün istifadə etmək lazımdı. Əziyyətlə qazandığım pulu göyə sovurmuram. İndi kasıba, pulu olmayana salam verən də yoxdur.
-Demək istəyirsiniz ki, maşınınız elə də bahalı deyil?
-Hazırda dostumun maşınını sürürəm. Öz maşının ustadadır. Metroda, avtobusda da gəzə bilərəm. Bunlar mənim üçün o qədər də əhəmiyyətli deyil. Maşınım markası "Chevrolet”dir.
-Yol hərəkəti qaydalarına riayət edirsinizmi?
- Qaydaları pozmamağa çalışıram. Amma elə olur ki, bilmədən qaydanı pozuram. Cərimələri vaxtında ödəyirəm.
-Sosial şəbəkələrdən istifadə edirsinizmi?
- İki ildir ki, heç bir sosial şəbəkədə yoxam. Ora 5 dəqiqəlik girəndə saatlarla çıxa bilmirsən. İdman nizam-intizamı, vaxtında yatamağı, qidalanmağı sevir. Nə qədər gücümüz və ağlımız var, bundan istifadə etməliyik.
-Kənardan baxanda əsəbi insana oxşamırsınız. Real həyatda necədir?
-Telefonuma 10 nömrədən zəng gəlirsə, bunun doqquzu adamı bezdirir. Zəng edənlərin çoxu məndən pul istəyir, kimi də iş istəyir. Mən idmançıyam, məmur deyiləm. Nəsə lazım olanda, özüm üçün bir dəfə xahiş edə bilərəm. Biri deyir ki, məni nazirliyə işə düzəlt. Bu insanlara başa sala bilmirəm ki, mən idmançıyam, məmur deyiləm. Belə zənglər məni əsəbləşdirir.
-Məmurlarla münasibətiniz necədir?
-Dövlə Sərxəd Xidmətinin (DSX) rəhbəri Elçin Quliyev çox səmimi insandır. Cənab prezident hər zaman mənə dəstək olub. Gənclər idman naziri Azad Rəhimov, Güləş Federasiyasının prezidenti Fazil Məmmədov , Balakənin icra başçısı İslam Rzayev , SOCAR-ın rəhbəri Rövnəq Abdulayev də mənə dəstək olur. Bu yaxınlarda Abel Məhərrəmovla (BDU-nun rektoru, sabiq deputat-red) görüşdük, gözəl insandır .
Boş vaxtlarınızda kitab oxuyursunuz?
- Təhsilə, oxumağa marağım artıb. Hazırda ingilis dili kurslarına yazılmağa hazırlaşıram.
- Film və musiqiyə marağınız varmı? Bu haqda da fikirlərinizi bilmək istərdik.
-Mən həmişə "ləzginka”ya qulaq asıram. Bir də hind filmlərinə baxmağı xoşlayıram. Kinoya baxmaq üçün kinoteatrlara getmirəm. Vaxtım olanda evdə baxıram.
-Məşhur insalar adətən gecə həyatı yaşayırlar. Klublara gedirlər,əylənirlər.
-Bəlkə də gülməli olacaq, amma Bakıda klubların harada yerləşdiyini bilmirəm. İndiyə kimi heç vaxt bara, kluba getməmişəm. Bir dəfə tanışım dedi, "gəl, kluba gedək, dincələk”, dedim, elə yerlər mənlik deyil. İçki içilən, siqaret çəkilən yerlərdə sıxılıram.
-Ailə qurmağı düşünürsünüzmü?
- Hazırda həyatımda heç kim yoxdu. Qismət olsa, evlənmək isəyirəm. Nə qədər dost, tanış uşaqları ilə oynamaq olar? Evlənmək haqda fikirləşirəm. İstəyirəm öz ailəm, uşaqlarım olsun. Görək qismətimə kim çıxacaq.
-Necə bir xanımla ailə qurmaq istərdiniz.
-Baxımlı xanımları xoşlayıram. Xanım təmizkar olmalı, həyat yoldaşına qayğı göstərməlidir. Təmizlik mənim üçün öməlidir. Ev səliqəsiz olanda ürəyim sıxılır.
- Paltar alarkən nəyə üstünlük verirsiniz?
- Yaxşı geyinməyi xoşlayıram. Çalışıram keyfiyyətli və zövqlü paltar alım. Geyimlərimi əsasən ticarət mərkəzlərindən alıram. Xarici ölkələrdə olanda mütləq özümə nəsə alıram. Təsəvvür edin, Rioya bir çanta ilə getmişdim, gələndə 5 çanta ilə qayıtdım. İndi klassik paltarlara üstünlük verirəm. AzVision.az