“Pis xəbərlərin sözçüsü”, “Putinin səsi”... – Dmitri Peskovun həyat hekayəsi

“Pis xəbərlərin sözçüsü”, “Putinin səsi”... – Dmitri Peskovun həyat hekayəsi

20 ildən çoxdur, Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi olan Dmitri Peskov istehzalı təbəssümü, soyuqqanlı davranışı və ən kəskin sözləri yumşaq formada dilə gətirməsi ilə tanınır.

 

Ölkəsində “pis xəbərlərin sözçüsü” adlandırılan və böhranlı anlarda ictimaiyyət qarşısına çıxan Peskovun karyerası ilə yanaşı, ailəsi, həyat tərzi də maraq dairəsində olub. Xüsusilə Ukrayna savaşı başlayandan sonra diqqət mərkəzinə düşən şəxslərdən biri də məhz Kremlin sözçüsü idi.

 

 

Sfera.az bu dəfə Dmitri Peskovla bağlı maraqlı məlumatları təqdim edir.

 

Dmitri Sergeyeviç Peskov 17 oktyabr 1967-ci ildə Moskvada anadan olub. Atası Sergey Nikolayeviç (1948-2014) də onun kimi diplomat idi. O, Sovet İttifaqının Pakistan və Omandakı səfiri vəzifəsində çalışıb, Liviyadan Qəzzəyə qədər ərəb torpaqlarında SSRİ-ni təmsil edib. Atasının işi ilə əlaqədar Misir və Birləşmiş Ərəb Əmirliklərində də təhsil alan Peskov Moskva Dövlət Universitetinin Asiya və Afrika Araşdırmaları İnstitutuna daxil olub. Atasının rəhbərliyi ilə ərəb dilini öyrənməyə hazırlaşanda, Dmitrinin imtahan nəticəsi onu türkologiyaya (türk dili və ədəbiyyatı) yönləndirir. O, təhsil aldığı müddətdə türk şirkətlərində tərcüməçi kimi işləyib. İngilis, ərəb və türk dilini mükəmməl bilən Peskov 1989-cu ildə şərqşünas/şərq tarixçisi və tərcüməçi ixtisasını bitirib.

 

 

Peskovu Türkiyə ilə nə bağlayırdı?

 

Dmitrinin 1990-cı ildə diplomatik karyerasına başladığı məkan Ankara olub. Burada attaşe və üçüncü katib vəzifəsində çalışmış Peskov bildirib ki, o, SSRİ və Rusiya Federasiyasının Türkiyədəki səfiri Albert Çernışovla ölkənin hər qarışını gəzib. 1994-cü ildə o, Moskvaya getsə də, iki ildən sonra yenidən ikinci katib olaraq Ankaraya qayıdıb. Peskov burada birinci katibliyə qədər yüksəlib. Onun qızı Yelizaveta da Ankarada dünyaya göz açıb.

 

 

Onun Kremldə yüksəlişi də Türkiyə və türk dili sayəsində olub. Belə ki, 1999-cu ilin noyabrında Peskov İstanbulda keçirilən ATƏT-in iclasında RF prezidenti Boris Yeltsinin tərcüməçisi kimi iştirak edib. Bundan sonra KİV-lə əlaqələr departamentinə gətirilmək üçün Moskvaya çağırılıb və Vladimir Putin hakimiyyətə gəldikdən sonra da bu vəzifə ona həvalə edilib. 2000-2004-cü illərdə bu şöbənin müdiri, daha sonra iki müddətli prezidentlik və bir müddət baş nazirlik dövründə Vladimir Putinin mətbuat katibi olub.

 

Putinin sağ əli...

 

Peskov “Putinin sağ əli” kimi tanındığı 20 il ərzində Rusiyanın ən mühüm böhranlarında Kremlin səsi olub: Litvinenko və Skripal işlərinə görə Böyük Britaniya ilə böhranlar, Rusiyanın Suriya vətəndaş müharibəsində rolu, Ukrayna böhranı və Krımın ilhaqı, Rusiyanın ABŞ-da 2016-cı il prezident seçkilərində iştirakı ilə bağlı iddialar...

 

Peskov Kremlin sözçüsü olaraq bu kimi hadisələrin qarşısında “sipər” olub. O, öz işi ilə bağlı danışarkən bunları deyib: “Bəzən bir insanın məruz qala biləcəyi məlumatların miqdarı ilə maraqlanırıq. Bu, çox, çox çətin bir işdir”. Putin üçün gündəm xülasələrinin hazırlanmasına da cavabdeh olan Peskov deyir ki, Rusiya prezidenti avtomobil, təyyarə və ya helikopterdə diqqətlə hazırlanmış bu xülasələri nəzərdən keçirir.

 

 

“Biz Qərblə münasibətlərimizi yalnız milli maraqlarımıza təhlükə yaranarsa, gərginləşdirməyə davam edəcəyik. Onlar anlamalıdır ki, Rusiyanın qırmızı xətləri var”, deyən Peskov Putinin yaxın çevrəsindəki bir çox adların əksinə olaraq, hələ Avropa İttifaqı və ya ABŞ-ın heç bir sanksiya siyahısına daxil olmayıb.  Onun ölkə başçısı haqqında fikirləri isə belədir: 

 

“Vladimir Putin hakimiyyətə gələndə Rusiya dağılmaq üzrə idi. Separatizmdən terrorizmə, iqtisadi böhrana qədər çoxlu problemlər müşahidə olunurdu. Hakimiyyət oliqarxların əlində idi. Putin isə rusların bütün dünyada öz vətənləri ilə fəxr etməsinə nail olub”.

 

Qalmaqallı dönəmlər..

 

Müxalifətə qarşı sərt ifadələr işlədən Peskovun adı qalmaqallardan qurtulmur. Putinin yaxın çevrəsinin sərvəti həm müxalifətin, həm də Qərbin diqqətini çəkir. Peskovun bu çərçivədə ilk qalmaqalı Britaniya mediasının gündəmə gətirdiyi Aleksey Navalnı və saat məsələsi olub.

 

Belə ki, 2015-ci ildə üçüncü həyat yoldaşı ilə evlənən Peskov toyunda 397 min funt-sterlinq dəyərində İsveçrə brendi olan saat taxıb. Bu isə onun illik maaşından dörd dəfə çox idi. Bununla yanaşı, onun həyat yoldaşı Tatyana Navka ilə bal ayı və daşınmaz əmlakı haqqında da çoxlu müzakirələr aparılıb. Peskovun 2018-ci ildə illik gəliri təxminən 13 milyon rubl olub, həyat yoldaşınınki isə 218 milyon rublu ötüb.

 

Üç dəfə evləndi...

 

Tennis, xizək sürməyi və qaçışı çox sevən Peskov bu günə qədər üç dəfə evlənib. O, 1988-ci ildə Anastasiya Budyonnaya ilə ailə həyatı qurub. Cütlük məktəbdə tanış olub. Cütlüyün Nikolay adlı yeganə övladı var. 1994-cü ildə Anastasiya boşanmaq qərarına gələrək Rusiyaya gedib. Həmin vaxt Peskov Türkiyədə işləyirdi. Kremlin sözçüsü 1994-cü ildə ikinci dəfə evlənmək qərarına gəlib və Yekaterina ilə ailə həyatı qurub.

 

Onların Elizaveta Peskova (Liza Peskova), Mika və Denis adlı üç övladı var. Cütlük 2012-ci ildə boşanmaq qərarına gəlib. İddialara görə, onların boşanmalarına səbəb Dmitri Peskovun hazırkı həyat yoldaşı, olimpiya mükafatçısı Tatyana Navka idi. Peskov həmin zaman Navka ilə maraqlanırdı. Şayiələr doğru çıxdı və Peskov 2015-ci ildə Tatyana ilə üçüncü dəfə evləndi. Navka həm Rusiya, həm də ABŞ vətəndaşlığına malikdir. Cütlüyün Nadya adlı bir qızı var. Peskovun qızı Elizaveta Avropa Parlamentinin fransız üzvü, ifrat sağçı Aymerik Şopradın köməkçisidir.2022-ci ildə Rusiyanın Ukraynaya təcavüzündən sonra Elizaveta “İnstaqram” səhifəsində "müharibəyə yox" cümləsini paylaşıb, amma qısa müddət sonra onu silib. Kremlin sözçüsünün oğlu Deni Parisdə yaşayır. Digər oğlu Nikolay isə Rusiyanın Strateji Raket Qüvvələrində keçmiş çağırışçıdır. 2017-ci ildə Nikolayın zəngin həyat tərzi Rusiyanın müxalif siyasətçisi Aleksey Navalnı tərəfindən tənqid edilib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR