"İranın İsrailə cavab zərbəsi endirməsi ABŞ-nin..." - ŞƏRH

Ötən gün "Əl-Ərəbiyə" İsrail PUA-larının Təbrizdəki dron zavodu, İsfahanda hərbi müəssisə və Mallarddakı sursat anbarına zərbələr endirdiyi haqda məlumat yayıb. Kremlə yaxın ekspertlər iddia edirlər ki, İsrailin İrana zərbə endirməsini Vaşinqton təşviq edib. İran isə hazırda səssizliyini qorumaqda davam edir.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Tehranın səssiz qalması əsasən hərbi eskalasiyadan çəkinməsindən irəli gəlir:

 

“Hazırda İran rəhbərliyi İsraillə açıq qarşıdurmadan çəkinərək proseslərin rejimin devrilməsi ilə nəticələnəcəyindən narahatdır. Çünki ölkə daxilində hiperinfilyasiya, iqtisadi sanksiyalar xalqın rejimdən narazılığını artırıb.  Birbaşa İranın İsrailə cavab zərbəsi endirməsi ABŞ-nin müharibəyə rəsmən qoşulması, Tehrana qarşı hərbi koalisiyanın formalaşması ilə nəticələnə bilər.  Tehran rejiminin iki yolu var. Birincisi, nüvə danışıqlarına qatılıb Vaşinqtonun şərtləri ilə sazişi imzalamalı, Rusiyaya hərbi dəstəyi dayandırmalıdır. İkincisi, nüvə danışıqlarına qoşularaq Qərblə münasibətləri normalaşdırmalıdır. Rejim daxilində isə bu məsələdə ciddi fikir ayrılıqları var”.

 

Ekspert qeyd edib ki, İranda mühafizəkarlar hazırkı xəttin davam etdirilməsi, müharibə və gərginliyə üstünlük verilməsində maraqlıdır:

 

“Digər kəsim isə ABŞ ilə danışıqlarda maraqlıdır. SEPAH proseslərə nəzarət edərək gərginlik xəttini üstün tutub. Bu xətt davam edəcəksə, İrana qarşı hərbi əməliyyatlar davam edəcək. Nəticədə İran rejimi zəifləyəcək.  Digər tərəfdən, Vaşinqtonun birbaşa dəstəyi ilə İsrailin hərbi əməliyyatları İranı nüvə silahından imtinaya və Rusiyaya hərbi dəstəkdən çəkindirməyə hesablanıb. Ümumiyyətlə, 2023-cü il İran və Rusiyanın tam zəiflədilməsi ilidir”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR