“Bu qərar Azərbaycanla razılaşdırılmayıb” – Polkovnik Şair Ramaldanov

“Bu qərar Azərbaycanla razılaşdırılmayıb” – Polkovnik Şair Ramaldanov

Xəbər verdiyimiz kimi, Rusiya XİN Aİ-nin Azərbaycan-Ermənistan sərhədində iki illik missiya yerləşdirməsi barədə qərarı ilə bağlı bəyanat yayıb.

 

Bəyanatda deyilir ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti Aİ-nin müşahidəçilərinin davranışlarına yerdəki vəziyyətin inkişafına uyğun reaksiya verəcək.

 

Maraqlıdır, Rusiya bu bəyanatla hansı mesajı verir? 

 

Mövcud suallarla bağlı Sfera.az-a açıqlama verən ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, Aİ müşahidəçilərinin Ermənistana gətirilməsi Yerevanın növbəti hiyləgərliyidir:

 

“Bu addımın heç bir məntiqi əsası yoxdur. İrəvan havadarlarının sifarişini yerinə yetirməklə geosiyasi arenada vəziyyətin gərgin olduğu bir vaxtda Cənubi Qafqazda vəziyyəti mürəkkəbləşdirməyə çalışır. Aydındır ki, bütün bu addımlar Qərbin Rusiyanın Cənubi Qafqazdakı təsirini minimuma endirmək niyyəti güdür. Azərbaycan-Ermənistan sərhədində hazırda heç bir monitorinq qrupuna ehtiyac yoxdur. Ona görə ki, Rusiya bununla bağlı öz üzərinə missiya götürüb. Aİ missiyasının heyəti haqda məlumatlar onu göstərir ki, həmin qrupun məqsədi sərhəddə vəziyyəti monitorinq etmək yox, Rusiyaya qarşı fəaliyyətdən ibarətdir”.

 

Ş.Ramaldanov Cənubi Qafqaz ölkələrinin bölgədə yeni münaqişə ocağına qarşı olduğunu deyib. Polkovnikin sözlərinə görə, vəziyyəti gərginləşdirmək Aİ-nin xeyrinə olmaya bilər:

 

“Aİ tərəfindən missiyanın yerləşdirilməsi Ermənistan ərazisində olsa belə, Azərbaycan üçün xoşagələn hal deyil. Çünki Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli bəyannamə imzalanıb və orada olan bəzi məsələlər hələ də həllini tapmayıb. Ermənistan sərhədinin təhlükəsizliyinə hüquqi cəhətdən Rusiya cavabdehdir. Hansısa Avropa qurumunun Azərbaycan-Ermənistan münasibətlərindəki rolunun nəticəsiz olduğunu son 30 il ərzində gördük. Bundan sonra da Aİ-nin sərhəddə hansı statusda fəaliyyət göstərəcəyi suallar yaradır. Bu qərar Azərbaycanla razılaşdırılmayıb, ona görə də Rusiya missiyanın fəaliyyətindən asılı olaraq cavab verə biləcəkləri ilə bağlı xəbərdarlıq edib. Azərbaycan ərazisində isə missiyanın hər hansı formada fəaliyyəti mümkünsüzdür, Azərbaycan bunu qəbul etmir. Bütün proseslər Azərbaycan ərazisinə qədər olan hissədə baş verə bilər. Düşünmürəm ki, Aİ-yə Rusiyanın Sərhəd Xidməti və rus sülhmərmalıları imkan versinlər ki, onlar proseslərə hansısa şəkildə müdaxilə edə bilsin. Cənubi Qafqaz ölkələri, o cümlədən Türkiyə imkan verməz ki, bölgədə yeni münaqişə ocağı yaransın”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR