Tehrandakı səfirliyimizə hücuma dünya belə REAKSİYA VERDİ

Tehrandakı səfirliyimizə hücuma dünya belə REAKSİYA VERDİ

Azərbaycanın Tehrandakı səfirliyində terror aktının törədilməsinə dünya ölkələri və beynəlxalq ictimaiyyət sərt reaksiya verdi, eyni zamanda İranın məsuliyyətsiz davranışını pisləyən etiraz bəyanatları səsləndirildi.

 

Sfera.az bildirir ki, hadisə ilə bağlı ilk reaksiya Türkiyə Xarici İşlər Nazirliyindən gəlib. Qardaş ölkə terror hücumunu pisləyərək, Azərbaycana dəstəyini ifadə edib.

 

“Azərbaycanın Tehran səfirliyinə silahlı hücumu pisləyirik. Bu hücumda həyatını itirən səfirliyin əməkdaşlarına Allahdan rəhmət, yaralananlara isə şəfa diləyirik. Keçmişdə də analoji hücumlara məruz qalan Türkiyə Azərbaycan xalqının ağrısını dərindən bölüşür", - XİN bəyan edib.

 

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan da diplomatik korpusa hücumu pisləyib.

 

"Azərbaycanlı qardaşlarımıza başsağlığı verir, yaralananlara şəfa diləyirəm. Türkiyə əziz dostu və qardaşı Azərbaycanın yanındadır", - deyə Ərdoğan tviter hesabında yazıb.

 

Rəsmi Moskva Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyən ilk ölkələr sırasında yer alıb. Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi teleqram kanalında hadisəyə reaksiya verib.


"Azərbaycanlı həmkarlarımıza başsağlığı və dəstəyimizi bildiririk!" - Mariya Zaxarova yazıb. 

 

Daha sonra nazirlik bəyanatla çıxış edib. 

 

"Daxil olan məlumata görə, bu gün səhər saatlarında avtomatla silahlanmış şəxs diplomatik nümayəndəliyin binasına daxil olaraq atəş açıb. Nəticədə Azərbaycan diplomatik missiyasının bir əməkdaşı həlak olub, onun daha iki həmkarı yaralanıb. Hücum edən şəxs Tehran polisi tərəfindən saxlanılıb, araşdırma aparılır. Ümid edirik ki, bütün günahkarlar məsuliyyətə cəlb olunacaqlar.


Baş verənlər 18 aprel 1961-ci il tarixli Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına uyğun olaraq, diplomatik nümayəndəliklərin yerləşdiyi dövlətin hakimiyyət orqanları tərəfindən təhlükəsiz fəaliyyətinin təmin edilməsinin vacibliyini bir daha təsdiqləyir", - deyə bəyanatda qeyd olunub.


Səfirliyə hücumla bağlı növbəti reaksiya Ukraynadan gəlib. 

 

"Azərbaycanın Tehrandakı səfirliyinə bir nəfərin ölümü və bir neçə təhlükəsizlik əməkdaşının yaralanması ilə nəticələnən hücumu qətiyyətlə pisləyirik", - Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Oleq Nikolenko bildirib.

 

ABŞ Dövlət Departamenti də Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror hücumu ilə bağlı bəyanat yayıb.

 

“Biz Prezident İlham Əliyevin bu qəbuledilməz zorakılığın təcili araşdırılması ilə bağlı çağırışını təkrarlayırıq. Diplomatlara və ya diplomatik nümayəndəliklərə qarşı istənilən hücum qəbuledilməzdir. Biz İran hökumətinə Cenevrə Konvensiyasına uyğun olaraq, İrandakı xarici diplomatları qorumaq məsuliyyətini xatırladırıq”, - deyə bəyanatda bildirilib.

 

Fransa Xarici İşlər Nazirliyinin səfirlikdəki terrorla bağlı reaksiyası gecikməyib. 

 

“Fransa Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən və səfirlik əməkdaşının həlak olması, daha iki nəfərin yaralanması ilə nəticələnən hücumu pisləyir. Terror aktı zamanı həyatını itirən Orxan Əsgərovun ailəsinə başsağlığı veririk. Diplomatik obyektlərə və diplomatlara qarşı hər hansı hücum qəbuledilməzdir. İran hakimiyyətini öz ərazilərində olan xarici diplomatların və diplomatik obyeklərin qorunması ilə bağlı öhdəlikləri çərçivəsində bu hücumun araşdırılmasına çağırırıq”,- deyə Fransa XİN-in bəyanatında qeyd edilib.

 

Rəsmi Tbilisi diplomatik nümayəndəliyə qarşı zorakılıq hərəkətinin tamamilə qəbuledilməz olduğunu bəyan edib.

 

"Azərbaycanın İrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyirik", - Gürcüstan XİN-in açıqlamasında deyilir.

 

İsrail Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Lior Haiat "Twitter"də terroru pisləyən paylaşım edib.

 

“Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş və təhlükəsizlik rəisinin qətlə yetirilməsi ilə nəticələnən xain hücum bizi sarsıdıb və kədərləndirib. Azərbaycan xalqına və hökumətinə, həlak olanın ailəsinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirik”,- paylaşımda vurğulanıb.

 

“27 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə diplomatik missiya üzvünün ölümü və daha iki işçinin yaralanması ilə nəticələnən silahlı hücumu qətiyyətlə pisləyirik", - Belarus Xarici İşlər Nazirliyi bəyan edib.

 

İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi də Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən silahlı hücumu pisləyib. Nazirliyin tviter hesabında qeyd olunub:

 

“Azərbaycanın Tehrandakı səfirliyinə qorxaqcasına hücuma görə həmrəyliyimizi bildiririk. Həlak olanın ailəsinə başsağlığı verir və yaralıların tezliklə şəfa tapmasını diləyirik”.

 

Daha sonra Səudiyyə Ərəbistanı Krallığı İranın paytaxtı Tehranda Azərbaycanın səfirliyində təhlükəsizlik xidmətinin əməkdaşlarından birinin ölümü və iki nəfərin yaralanması ilə nəticələnən silahlı hücumu kəskin şəkildə qınayıb.

 

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi hücumla bağlı məlumat yayıb. XİN Krallıq Azərbaycan və onun dost xalqı ilə həmrəy olduğunu bildirib, diplomatik nümayəndəliklərin toxunulmazlığına hörmətlə yanaşmağa çağırıb və günahkarların cəzalandırılmasını tələb edib.


Eyni zamanda Avropa Şurasının Baş katibi Tehranda baş verən hücumla bağlı Azərbaycanla həmrəy olduğunu bildirib.


"Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumu qətiyyətlə pisləyirəm. Diplomatik missiyalara qarşı hücumlar qəbuledilməzdir", - Mariya Peyçinoviç Buriçın bəyanatında deyilir.

 

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva, həmçinin GUAM və Türk Dövlətləri Təşkilatı diplomatik missiyaya qarşı bu cinayəti qəti şəkildə qınadıqlarını açıqlayıblar. 

 

Hərbi təşkilat olan NATO da Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumu pisləyib. NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina tviter hesabında bu barədə paylaşım edib. 

 

“NATO Azərbaycanın İrandakı səfirliyinə bir səfirlik əməkdaşının ölümü və ikisinin yaralanması ilə nəticələnən hücumu pisləyir. Diplomatik nümayəndəliklərə qarşı zorakılıq hərəkətləri qəbuledilməzdir. Həlak olanların ailəsinə və Azərbaycan XİN-ə başsağlığı veririk”, - deyə bildirilib.

 

Bundan başqa, Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələri də ölkəmizlə həmrəylik nümayiş etdirərək, həlak olan vətəndaşımızın ailəsinə başsağlığı veriblər. ABŞ, Əfqanıstan, İtaliya, İsrail, Belarus, İraq, Xorvatiya, Yaponiya, Polşa, Rusiya, Litva, Fələstin, Argentina, Mərakeş, Fransa, Böyük Britaniya səfirlikləri bu terror aktını beynəlxalq hüquq üçün təhdid adlandırıblar.

 

Britaniyanın Azərbaycandakı səfiri İranda baş verən hadisənin "sarsıdıcı" olduğunu söyləyib. "Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edilməsi və səfirlik əməkdaşının qətlə yetirilməsi xəbəri məni sarsıtdı. Qətlə yetirilən şəxsin ailəsinə baş sağlığı verir, yaralılara şəfa diləyirəm", - Fergus Auld bildirib. 

 

İsrailin Azərbaycandakı səfiri Corc Dik də Azərbaycan İrandakı səfirliyinə hücumla bağlı paylaşım edib. “İsrail səfirliyi bu çətin anda Azərbaycan xalqı ilə həmrəydir”, - Corc Dik vurğulayıb.

 

Qeyd edək ki, yanvarın 27-də saat 08:30 radələrində Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov həlak olub, iki əməkdaşı yaralanıb. Terror aktını törədən şəxs səfirliyin mühafizə əməkdaşı tərəfindən zərərsizləşdirilib. O, İran polisi tərəfindən həbs olunub.


OXŞAR XƏBƏRLƏR