Rusiyadan qonşu ölkələrə pul köçürülməsi bir neçə dəfə artıb – Rəqəmlər və səbəblər

Rusiyadan qonşu ölkələrə pul köçürülməsi bir neçə dəfə artıb – Rəqəmlər və səbəblər

Rusiyadan qonşu ölkələrə fiziki şəxslər tərəfindən köçürülən pulun məbləği kəskin şəkildə artıb.


Sfera.az Rusiyanın “rbc.ru” saytına istinadən xəbər verir ki, daha böyük artımlar Özbəkistan, Ermənistan, Gürcüstan və Qazaxıstana köçürmələrdə baş verib. 


Fiziki şəxslər bank infrastrukturu və ya “Zolotaya Korona”, “Unistream” və “Contact” pul köçürmə sistemləri vasitəsilə pul köçürmələrini həyata keçirib.


Rusiyadan daha çox pul Özbəkistana köçürülüb. 2021-ci ilin 11 ayında 5,6 milyard dollar köçürüldüyü halda, ötən ilin 11 ayında köçürülən pulun məbləği 14,5 milyard dollara yüksəlib. İl ərzində artım 2,6 dəfə olub. 


Ermənistana 3,2 milyard dollar köçürülüb. Bu ölkəyə köçürülən məbləğ 4 dəfə artıb. Əvvəlki ildə Ermənistana 0,8 milyard dollar köçürülmüşdü. 


Gürcüstana köçürmələrdə də ciddi artım qeydə alınıb. 2021-ci ilin 11 ayında 0,4 milyard dollar köçürmə olduğu halda, ötən ilin eyni dövründə köçürülən pul 2,1 milyard dollara yüksəlib. 


Qazaxıstanda da ciddi artım var. Qazaxıstan bir ildə köçürmələrin məbləğini 0,1 milyard dollardan 0,8 milyard dollara yüksəldib. 


“Rbc.ru” saytı araşdırmasında Azərbaycanla bağlı məlumata yer verməyib. Amma qeyd edək ki, ötən il Azərbaycana köçürülən pulun məbləğində də ciddi artım var. Ölkəmizə 2021-ci ilin 9 ayında Rusiyadan köçürülən pulun məbləği 0,41 milyard dollar olduğu halda ötən ilin eyni dövründə 2,3 milyard dollara çatıb. Azərbaycana köçürmələrdə 5,75 dəfə artım baş verib. 


Bəs Rusiyadan qonşu ölkələrə pul köçürmələrinin dəfələrlə artması nə ilə əlaqəlidir?


Saytın araşdırmasına görə, bunun bir neçə səbəbi var. Əsas səbəblərdən biri Ukraynaya hərbi müdaxilə və qismən səfərbərliyin elan edilməsidir. 


Digər səbəb sanksiyalara görə, Rusiyada bəzi markalara aid olan malların defisitinin yaranmasıdır. Rusiya əhalisi ölkədə olmayan malları qonşu ölkələrdən alır. 
Üçüncü səbəb isə xaricə turist səfərlərinin sanksiyalardan sonra daha çox qonşu ölkələrə edilməsidir. Rusiya sərhəd xidmətinin 2022-ci ilin üçüncü rübünə aid olan məlumatına əsasən, xaricə səfərlərin sayı 9,7 milyon təşkil edib ki, bu da ötən ilin 3-cü rübü ilə müqayisədə 1,2 milyon nəfər çoxdur. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR