"Bu, sadəcə terror hadisəsi deyil, İran qırmızı xətti keçdi" - Millət vəkillərindən AÇIQLAMALAR

Xəbər verdiyimiz kimi, bu gün Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Nəticədə bir nəfər ölüb, iki nəfər yaralanıb.

 

Sfera.az-ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən deputat Ceyhun Məmmədov deyib ki, bütün hallarda Tehranda baş verən hadisələrə görə, İran dövləti məsuliyyət daşıyır:

 

“Azərbaycan səfirliyinin təhlükəsizliyi ən yüksək səviyyədə təmin edilməli idi. Azərbaycanda İranın səfirliyi ən yüksək səviyyədə qorunur. Ən kiçik təxribatlara belə, cəhdin qarşısı qətiyyətlə alınır. İranda bizim səfirliyimiz də yüksək səviyyədə qorunmalı idi.  Burada eyni zamanda, İranda Azərbaycan əleyhinə davamlı olaraq aparılan təbliğatın da rolu böyükdür. Bütün baş verən hadisələr fonunda İrandan Azərbaycan əleyhinə aparılan düşmənçilik təbliğatına son qoyulmalıdır.  Əgər kimsə düşünürsə ki, bu kimi addımlarla Azərbaycanı haqq mövqeyindən daşındıra biləcək, yanılır”.

 

Digər millət vəkili Vüqar Bayramov bildirib ki, sözügedən hücum terror hadisəsi olmaqla yanaşı, İranın ölkəmizə qarşı yeni təhdidi kimi qiymətləndirilməlidir:

 

“Adı terroru maliyyələşdirən ölkələr siyahısında olan İranda baş verən hadisə Vyana Konvensiyası daxil olmaqla, beynəlxalq hüquq prinsiplərinin kobud şəkildə pozulması anlamına gəlir. Son illər Azərbaycana qarşı düşmənçilik mövqeyi ilə seçilən İranda baş verən bu hadisə bir daha təsdiq edir ki, Tehran bütün vasitələrdən istifadə edərək ölkəmizə qarşı təhdidi gücləndirməyə çalışır. Azərbaycan istər cənubdan, istərsə də digər istiqamətlərdən gələcək təhdidlərə cavab vermək gücündədir. Bütün bunlarla yanaşı, bir müddət öncə Yerevan ilə qardaşlaşan Tehran şəhərində son hadisə “qırmızı xətti”in keçildiyini bir daha təsdiq edir”.

 

Millət vəkili Etibar Əliyev isə qeyd edib ki, Azərbaycanın İrandakı səfirliyinə hücum birmənalı olaraq lənətlənməlidir:

 

“İran rejimi erməni terroristlərinin hərəkətlərini davam etdirir. 1983-cü ilin 27 iyununda erməni terroristləri Türkiyənin Lissabondakı səfirliyinə hücum edib, 7 səfirlik əməkdaşını öldürüblər; 12 mart 1985-ci ildə erməni terroristləri Türkiyənin Ottavadakı səfirliyinə hücum edib -  1 nəfər öldürülüb, səfir yaralanıb. Londondakı səfirliyimizə hücum bizi sarsıtmadı. Biz qalib xalqıq və heç bir dövlətin təhdidindən qorxmuruq. Gerizəkalı İran rejimi ermənilərin terrorçu hərəkətlərini davam etdirməklə heç nəyə nail olmayacaq”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR