Səfirliyimizə hücum edən terrorçu Azərbaycana təhvil verilə bilərmi? - Açıqlama

Səfirliyimizə hücum edən terrorçu Azərbaycana təhvil verilə bilərmi? - Açıqlama

Xəbər verdiyimiz kimi, Azrbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Nəticədə bir nəfər ölüb, iki nəfər yaralanıb.

Səfirlik binası təmsilçi dövlətin ərazisi sayıldığından cinayəti törədən şəxs mühakimə üçün Azərbaycana verilə bilərmi?  

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən vəkil Mehman Muradlı səfirliyimizə hücumun birbaşa İran ərazisindən olduğunu bildirərək, bu halda qaydaların dəyişə biləcəyini deyib:

 

“Praktikada biz rast gəlməmişik ki, cinayəti törədən şəxs qarşı tərəfə təhvil verilsin. Hücum səfirliyin içərisində təşkil olunmayıb. Cinayəti törədən şəxs İran ərazisindən hücuma keçib. Bu, terror aktıdır. Azərbaycan Prokurorluğu bununla bağlı cinayət işi başlatmalıdır, bundan sonra digər  məsələlər aydınlaşacaq”.

 

Vəkil məsuliyyətin birbaşa rəsmi Tehranın üzərində olduğunu deyib:

 

“İran dövləti beynəlxalq hüquqla üzərinə öhdəlik götürüb ki, öz ölkəsindəki diplomatik korpusların nümayəndəliklərini mühafizə etməlidir. Ona görə də indi məsuliyyət İran dövlətinin üzərindədir”.

 

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.

 

Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR