Əhalisi yaşlanan ölkələr bu problemlə necə mübarizə aparır? - MARAQLI TƏDBİRLƏR

Əhalisi yaşlanan ölkələr bu problemlə necə mübarizə aparır? - MARAQLI TƏDBİRLƏR

Yaşlı əhalisinin sayı çox olan ölkələr ciddi iqtisadi və sosial problemlərlə üzləşirlər. Bu problemin aradan qaldırılması üçün hökumətlər müxtəlif maraqlı tədbirlər həyata keçirir. Dövlətlər bu məqsədlə həm doğumun artırılmasını təşviq edir, həm də yaşlı insanlara yardımlar edir. 


Sfera.az BBC-yə istinadən xəbər verir ki, Yaponiya doğum səviyyəsinin kəskin azalmasından və əhalisinin yaşlanmasından ən çox əziyyət çəkən ölkədir. Burada dövlət doğumu təşviq etmək üçün uşaqlarla bağlı hazırlanan proqramlara xərclənən vəsaiti 2 dəfə artıracaq. 


Yaponiya əhalisi ən yaşlı olan ölkədir. Yaponiyanın iqtisadi böyüməsinin zəifləməsində, hətta iqtisadiyyatının geriləməsində əsas faktor kimi məhz əhalinin yaşlanması göstərilir. Yaşlı insanlara kömək məqsədilə ölkədə robot xidmətçilərin istehsalına dövlət maliyyə dəstəyi verir. 

 

Bolqarıstan da doğum səviyyəsinin aşağı olmasından əziyyət çəkir. Bu ölkədə işləyən qadın uşaq dünyaya gətirirsə, birinci ildə əməkhaqqının 90 faizini alır. İkinci ildə isə minimum əməkhaqqı səviyyəsində hər ay ödəniş əldə edir. Bolqarıstanda əhalinin 22 faizinin yaşı 65 və ondan yüksəkdir. 


UNİCEF-in məlumatına görə doğumun az olması problemi ilə əsasən inkişaf etmiş ölkələr üzləşir. Qurum hesab edir ki, doğumu təşviq etmək üçün analara ən az 6 ay əməkhaqqı ödənilməklə məzuniyyət verilməlidir. 


Analara verilən ödənişli məziniyyətin müddətinə görə ilk sırada Estoniya dayanır. Bu ölkədə ana olan bir işçi işləmədiyi halda 85 həftə maaşını ala bilir. 


ABŞ-da isə doğuma görə ödənişli məzuniyyət yoxdur. 


Cənubi Koreya doğumu artırmaq məqsədilə ailələrə və analara ciddi maliyyə dəstəyi verir. Bu ölkədə qəbul edilən yeni qərara əsasən, uşağı olan ailə ayda 745 dollar alacaq. Koreyanı bu addımı atmağa əhalinin həddən artıq yaşlanması vadar edib. Hazırda ölkədə hər 5 nəfərdən birinin yaşı 65-dən yuxarıdır. 2022-ci ilin məlumatına görə, dünyada ən aşağı doğum göstəricisi məhz Cənubi Koreyada qeydə alınıb. Bu nəticədən sonra Koreyada dövlət körpələrlə bağlı xərcləri 3 dəfə artırıb.     


Dünyada əhalisi ən çox olan ölkədə, yəni Çində də uşaqların sayının artırılması üçün dövlət bir çox tədbirlər görür. 2016-cı ildən tək uşaqla bağılı tələblər aradan qaldırılıb, vergi güzəştləri və uşaqlı ailələrin səhiyyə xidmətlərindən istifadəsi daha da asanlaşdırılıb. 


Sinqapur əhalisi sürətlə qocalan digər bir ölkədir. Hökumət yaşlı əhalinin əmək qüvvəsində yaratdığı boşluqları aradan qaldırmaq üçün ömür boyu təlimi maliyyələşdirmək qərarına gəlib. Bu ölkədə bəzi ali məktəblər məzunlarına aldıqları ixtisas üzrə 20 il əlavə dərslər verir, təlimlər keçir. Bundan başqa Sinqapurda həyat sığortasının kütləviləşməsinə dövlət maliyyə dəstəyi verir və hər bir yaşlı insan pensiya dövründə pul alır. 


Vasif


OXŞAR XƏBƏRLƏR