Azərbaycana idxal rekord həddə yüksəldi: Adambaşına xərc nə qədər olub?

Azərbaycana idxal rekord həddə yüksəldi: Adambaşına xərc nə qədər olub?

2022-ci ildə Azərbaycanın idxalında rekord göstərici qeydə alınıb. 


Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən il idxalımız 2,8 milyard dollardan çox artaraq 14,54 milyard dollara çatıb. Bir il ərzində idxaldakı artım sürəti 24 faizdən çox olub.


Ötən ilə kimi idxalda ən böyük göstərici 2019-cu ildə 13,667 milyard dollar olmuşdu. 2022-ci ildə idxala xərclədiyimiz pulun məbləği 3 il əvvəlki göstəricini geridə qoyaraq rekord həddə yüksəlib. 


Bəs idxalda ən çox pul hansı mallara xərclənib?


İdxalda ən çox pul yeyinti məhsullarına xərclənib. Yeyinti məhsullarının alışına sərf edilən vəsait 433 milyon dollar artaraq 2,36 milyard dolları ötüb. Adambaşına yeyinti məhsullarının idxalına xərclənən pul 230 dolları ötüb. 


Yeyinti məhsullarından daha çox pul buğda (436,5 milyon dollar), bitki və heyvan mənşəli yağlara (403 milyon dollar), meyvə-tərəvəzə (236 miltyon dollar), şəkər və şirniyyat məhsullarına (229 milyon dollar) xərclənib. 


Qeyri-ərzaq mallarından isə daha çox pul reaktorlar, qazanlar, avadanlıq və mexaniki qurğulara (1,77 milyard dollar), avtomobillər və onların ehtiyat hissəslərinə (1,37 milyard dollar), yanacağa (1,29 milyard dollar), elektrik maşınları və avadanlıqlarına (1,12 milyard dollar), qara metallar və onlardan hazırlanan məmulatlara (1,04 milyard dollar), kimyəvi məhsullara (0,72 milyard dollar), əczaçılıq məhsullarına (0,65 milyard dollar), plastmasa və onlardan hazırlanan məmulatlara (0,49 milyard dollar), oduncaq və ondan hazırlanana məmulatlara (0,385 milyard dollar) sərf edilib. 


Adıçəkilən qeyri-ərzaq malları üzrə xərclərdə ən çox artım yanacaq xərclərində qeydə alınıb. Yanacaq xərcləri 0,95 milyard dollar artıb. 


Digərlərindən avtomobil və onun ehtiyat hissələrində 0,2 milyard dollar, qara metallar və onlardan hazırlanan məmulatlarda 0,17 milyard dollar, elektrik maşınları və avadanlıqlarında 0,135 milyard dollar, əczaçılıq məhsullarında 0,122 milyard dollar, kimya məhsullarında 0,106 milyard dollar artıb. 


Ümumilikdə, ötən il idxala xərclədiyimiz pulun adambaşına düşən hissəsi 1400 dollar olub.  


Vasif
 


OXŞAR XƏBƏRLƏR