Qırğızıstanda axtalanacaqlar, bəs Azərbaycanda uşaqlara zorakılıq edənləri hansı cəza gözləyir? - AÇIQLAMA 

Qırğızıstanda axtalanacaqlar, bəs Azərbaycanda uşaqlara zorakılıq edənləri hansı cəza gözləyir? - AÇIQLAMA 

Qırğızıstanda uşaqlara və yetkinlik yaşına çatmayanlara qarşı cinsi zorakılıq törədənlər axtalanacaq. Təklif olunan qanun layihəsində şübhəli şəxsin pedofiliyaya meyilli olduğu aşkarlandığı halda azadlığa çıxmamışdan 6 ay əvvəl onun axtalanması tələbi yer alıb. Dünyanın bir sıra ölkələrində də buna oxşar qanunlar var. 

 

Bəs Azərbaycanda pedofiliyaya qarşı hansı qanunlar nəzərdə tutulub? Qeyd edilən qanuna bizdə də ehtiyac varmı?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən vəkil Turan Abdullazadə qeyd edib ki, Azərbaycan Respublikasının qanunvericiliyi yetkinlik yaşına çatmayanlara qarşı cinsi zorakılıq törədənlərin və pedofiliyaya meyilli olan şəxslərin axtalanmasına və ya hər hansı formada onlara qeyri-humanist davranmasına yol vermir:

 

“1998-ci il fevralın 10-da Azərbaycanda ölüm cəzası da ləğv olunub. Azərbaycan Respublikası Avropa Şurasına üzv olmadan öncə ölüm hökmünü ləğv edərək, barələrində belə hökm çıxarılmış insanların cəzasını ömürlük həbs cəzası ilə əvəzləyib. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Yəni cəza məhkumdan qisas almaq deyil, onu islah etmək məqsədi daşımalıdır”.

 

Müsahibimiz qeyd edib ki, uşaqbazlığın və yetkinlik yaşına çatmayanlara qarşı cinsi zorakılığın cəzaları Cinayət Məcəlləsində konkret olaraq göstərilib:

 

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə— üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər, təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə- beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə isə— səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR