Banklar niyə dollar almır? – ŞƏRH

Banklar niyə dollar almır? – ŞƏRH

Azərbaycan Mərkəzi Bankının yanvarın 24-də keçirilən valyuta hərracında banklar valyuta sifarişi verməyib, yəni valyuta satışı olmayıb. Ondan əvvəlki hərracda isə satışın həcmi cəmi 1,5 milyon dollar olub. 


Sfera.az xəbər verir ki, bu, ilk belə haldır. Diqqət yetirsək görərik ki, 2023-cü il başlayandan bəri keçirilmiş hərraclarda satışın azalması tendensiyası olub. Yanvarın 5-də keçirilmiş ilin ilk hərracında 52,7 milyon dollar satıldığı halda növbəti hərraclarda uyğun olaraq 51,2 milyon dollar, 35 milyon dollar, 18,7 milyon dollar, 1,5 milyon dollar satılıb.


Ümumilikdə yanvar ayının geridə qalan günləri ərzində keçirilən 6 hərracda 159,1 milyon dollar satılıb. Halbuki, 2022-ci ilin yanvarında keçirilən 6 hərracda satış 642,7 milyon dollar olmuşdu.


Valyuta hərraclarında dollar tələbin kəskin azalmasını iqtisadçı-ekspert Samir Əliyev bankların dollar likvidliyinin yüksək olması ilə izah etdi. Onun sözlərinə görə, ilkin mənzərə onu göstərir ki, banklarda dollar çoxdur və əlavə dollar almağa ehtiyac görmürlər. 


O, banklarda dollar likvidliyinin yüksək olmasına Rusiyadan dollar axınının güclənməsinin təsir etməsini bir ehtimal kimi irəli sürüb. S. Əliyev digər səbəb kimi yanvarda büdcə xərclərinin az olmasını göstərib. Ekspert belə vəziyyətdə bankların dolları daha ucuz almalı olduğunu da vurğulayıb.

 

S.Əliyev bunun müşahidə edilmədiyini deyib:

 

“Bankların alış məzənnəsinə baxdıqda fərqli mənzərəni görmək olar. Mərkəzi Bankın 1 dollar üzrə rəsmi məzənnəsi 1,7 manat olduğu halda 9 bankın alış məzənnəsi 1,6990 manat, 5 bankın alış məzənəsi 1,6980 manat, 4 bankın alış məzənnəsi 1,6970 manatdır. Bu bankların alış məzənnəsi rəsmi məzənnəyə çox yaxındır. Məlumat üçün bildirim ki, hərraclarda bankların dollara yüksək tələbi olan zamanlarda bankların alış məzənnələri bu dərəcədə yüksək olmurdu. Ən yaxşı halda 4-5 bank 1,6990 manat məzənnəsi ilə dollar almağa üstünlük verirdi. Belə çıxır ki, banklara əhalidən dollar almaq sərf edir, nəinki Mərkəzi Bankdan. Halbuki, əslində əksinə olmalıdır”.


 
Vasif

 


OXŞAR XƏBƏRLƏR