Ukrayna erməniləri PUA-ları oğurlayaraq Ermənistana daşıyır? – Arutyunyan təsdiqlədi

Ukrayna erməniləri PUA-ları oğurlayaraq Ermənistana daşıyır? – Arutyunyan təsdiqlədi

“Ukrayna erməniləri Ermənistana kəşfiyyat məqsədilə istifadə olunan pilotsuz uçuş aparatları göndərib. Həmin hərbi texnika Varşava-İrəvan reysi ilə daşınır”. 

 

Bunu Ukrayna Erməniləri İttifaqının icraçı direktoru Hovakim Arutyunyan deyib.

 

Maraqlıdır, Rusiya ilə müharibə aparan Ukraynadan Ermənistana pilotsuz uçuş aparatları göndərilə bilərmi?

 

Sfera.az-ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən politoloq Elxan Şahinoğlu deyib ki, Ukraynanın daha çox pilotsuz uçuş aparatlarına ehtiyacı var və əsas tədarük etdiyi ölkə Türkiyədir:

 

“Ukrayna ABŞ-dan da pilotsuz uçuş aparatları əldə edir. Volodimir Zelenski bütün açıqlamalarında Qərb ölkələrindən hərbi texnika istəyir. Çünki Ukraynanın hərbi texnikası və döyüş sursatları azalır, pilotsuz uçuş aparatlarının bir hissəsi döyüşdə neytrallaşdırılır. Bunların yeri doldurulmalıdır. Digər tərəfdən, Ukraynanın Azərbaycanla tərəfdaşlıq münasibətləri var. Kiyev Ermənistanı Rusiyanın strateji müttəfiqi kimi qiymətləndirir. Bu baxımdan Ermənistana silah və ya pilotsuz uçuş aparatları göndərmək Ukraynanın milli və təhlükəsizlik maraqlarına ziddir. Buna baxmayaraq, Ukrayna Erməniləri İttifaqının icraçı direktorunun açıqlaması araşdırılmalıdır.

 

Ukraynada müharibə başlayana qədər təxminən 500 min erməni yaşayırdı. Orada yaşayan bir qrup erməni böyük maliyyə imkanlarına malik idi. Həmin ermənilərin korrupsiya yoluyla Kiyevdə hansısa məmurları ələ alaraq Ermənistana pilotsuz uçuş aparatları göndərməsi istisna deyil. Ukraynadakı ermənilərin ən tanınmış nümayəndəsi uzun illər daxili işlər naziri işləmiş Arsen Avakovdur. O hazırda dövlət vəzifəsi tutmasa da, əlaqələri genişdir”.

 

Ekspert qeyd edib ki, Ukraynadan pilotsuz uçuş aparatlarının Ermənistana çatdırılması üçün bir neçə mərhələ keçilməlidir:

 

“Birinci mərhələdə həmin aparatlar anbarlardan oğurlanmalıdır. İkinci mərhələdə oğurlanan aparatlar gizli yolla Ukrayna-Polşa sərhədindən keçirilməlidir. Üçüncü mərhələdə isə oğurlanan və Polşaya gizli yollarla çatdırılan aparatlar yenə gizli yolla Varşava-İrəvan təyyarı reysrlərinə yüklənməlidir. Azərbaycan Xarici İşlər Nazirliyi xətti ilə Kiyevə və Varşavaya müraciət edilməli, Ukrayna və Polşa rəsmilərinin məsələyə münasibəti öyrənilməlidir. Ukrayna kimi Polşa da Azərbaycanın tərəfdaşıdır və Ermənistana silah göndərmək Polşanın da milli və təhlükəsizlik maraqlarına ziddir. Ukrayna Erməniləri İttifaqının icraçı direktorunun “biz Polşa üzərindən Ermənistana silah göndəriririk” açıqlaması informasiya müharibəsinin tərkib hissəsi də ola bilər. Məqsəd Azərbaycanın tərəfdaşları olan Ukrayna və Polşa ilə münasibətlərini gərginləşdirməkdir”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR