Kirayə yolu ilə mənzil alışına maraq artır – SƏBƏBLƏR

Kirayə yolu ilə mənzil alışına maraq artır – SƏBƏBLƏR

Azərbaycanda kirayə yolu ilə yaşayış sahələrinin alınmasına marağın artması müşahidə edilir. 


Sfera.az xəbər verir ki, kirayə yolu ilə yaşayış sahələrinin satışına 2020-ci ildən başlanılıb və qısa müddətdə satılan mənzillərin sayı 3 min ədədi ötüb. 


Bu yolla satılan mənzillərin sayında artım 2022-ci ildə bir qədər də sürətlənib. Əgər 2020-ci ildə cəmi 413 mənzil, 2021-ci ildə isə 869 mənzil kirayə yolu ilə satılmışdısa, ötən il satılan mənzillərin sayı 1700 ədədi keçərək ümumilikdə 3 min ədədə çatıb. 


Kirayə yolu ilə mənzil satışına marağın artmasına səbəb onun ipoteka kreditləri ilə müqayisədə bəzi üstün tərəflərinin olmasıdır. 


Bu yolla alınan mənzillər üçün ilkin ödəniş məbləğı yüksək olmur, eyni zamanda borclanma ilə bağlı limit yoxdur. 


Amma ipoteka kreditlərində ilkin ödənişin miqdarı yüksək olur və borc məbləği limitləşdirilir. 


Kirayə yolu ilə mənzil aldıqda öncədən yalnız birillik kirayə haqqı ödənilir. Məsələn, mənzilin dəyəri 120 min manatdırsa və aylıq kirayə haqqı 1000 manatdırsa, ilkin ödəniş 12 min manat olur. 


İpoteka kreditində isə bu qiymətə olan mənzil üçün ilkin 21 min manat ödənilməsi tələb olunur. 


Daha bahalı mənzillərdə vəziyyət dəyişir. Belə ki, ipoteka yolu ilə maksimum 150 min manat kredit götürməyə icazə verilir. Məsələn, əgər mənzilin dəyəri 200 min manatdırsa, borcalan öncədən ən azı 50 min manat ödəniş etməlidir. 


Lakin kirayə yolu ilə mənzil satışı şərtlərinin alıcı üçün əlverişsiz olan tərəfləri də var. Qaydalara əsasən, alıcı üçün kirayə yolu ilə mənzil seçilməsi imkanı məhduddur. Alıcı kirayə yolu ilə mənzili yalnız İpoteka və Kredit Zəmanəti Fondunun təklif etdiyi çoxmərtəbəli yaşayış binalarından almalıdır. Fond hazırda Bakının bir neçə ərazisində, Sumqayıt və Abşeron rayonlarında mənzillər təklif edir.


İpoteka kreditlərində isə alıcı mənzili tapır, daha sonra həmin yaşayış sahəsi kredit yolu ilə alınır. 


Dinamika göstərir ki, kirayə yolu ilə mənzil satışının sayı qarşıdakı aylarda daha da artacaq. Buna səbəb kirayə yolu ilə satışa təklif edilən mənzillərin sayının artmasıdır. Daha çox binanın satışa təklif edilməsi müqavilə sayının artmasına səbəb olacaq. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR