“Hesablamışdılar ki, Ankarada da İncili yandıracaqlar, amma...” - Açıqlama

“Hesablamışdılar ki, Ankarada da İncili yandıracaqlar, amma...” - Açıqlama

ABŞ Dövlət Departamenti Türkiyə səfirliyinin qarşısında Quranın yandırılmasını Türkiyə-İsveç münasibətlərinə xələl gətirilməsi, eyni zamanda İsveç və Finlandiyanın NATO-ya daxil olmasına əngəl yaradılması prizmasından şərh edib.

Qurumun sözçüsü Ned Prays deyib ki, bu addım iki dövlətin arasını vurmağa hesablanıb. Onun fikrincə, təxribatçı İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı davam edən danışıqları qəsdən çətinləşdirməyə can atıb.

 

Maraqlıdır, qeyd edilən ehtimalda reallıq payı varmı?

 

Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, bir çox Qərb ölkələrində, o cümlədən də İsveçdə hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın mayda keçiriləcək seçkilərdə qalib gəlməsini istəməyənlər var:

 

“Düşünürəm ki, Quranın yandırılması ilə Ankaranı oxşar addımı atmağa, xristianların müqəddəs kitabı olan İncilin yandırılmasına sövq etmək istəyə bilərdilər. Belə olardısa, dünyanın böyük bir hissəsi hakim AK parti iqtidarına qarşı çıxacaqdı. Həmçinin Qərb dövlətlərinin maraqlarına uyğun olaraq Rusiya - Türkiyə münasibətləri pozula bilərdi. Amma Türkiyə buna getmədi, soyuqqanlı davrandı. Ned Praysın səsləndirdiyi ehtimal da mümkündür. Amma bu, daha az ağlabatandır. Çünki Stokholmla Ankaranın münasibətləri indi o qədər isti deyil ki, bu əlaqələrə zərbə vurmaq lazım gəlsin. Həmçinin İsveç və Finlandiyanın hazırkı mərhələdə Alyansa üzvlüyü real görünmür. Çünki Ankaranın həmin dövlətlər qarşısında qoyduğu şərtlər yerinə yetirilmir, Madrid razılaşmasına zidd olaraq terrorçular hələ də dəstəklənir”.

 

Müsahibimiz qeyd edib ki, indiki mərhələdə tərəflər arasında münasibətləri pisləşdirmək üçün belə riskli bir addım atmaq ağıllı düşüncənin məhsulu deyil:

 

“Əgər söhbət İsveçin dövlət maraqlarına zərbə vurmaqdan gedirsə, onda həmin təxribatçı addımı atan şəxs axtarışa verilməli, haqqında cinayət işi açılmalıdır.  Gələcəkdə oxşar təxribatların təkrarlanması gözləniləndir”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR