Şarlı Mişel Zelenski ilə söhbətin “getdikcə çətinləşdiyini” ETİRAF ETDİ

Şarlı Mişel Zelenski ilə söhbətin “getdikcə çətinləşdiyini” ETİRAF ETDİ

Avropa Şurasının prezidenti Şarl Mişelin son açıqlaması müzakirələrə səbəb olub.

 

Sfera.az bildirir ki,  Kiyevə işgüzar səfər edən avropalı rəsmi Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə bağlı Ukrayna rəhbərliyinin “istək siyahısı”nı müzakirə edib. Danışıqlardan sonra Mişeldən etiraf kimi açıqlama gəlib. Belə ki, o, Ukrayna prezidenti Vladimir Zelenski ilə söhbət etməyin getdikcə çətinləşdiyini söyləyib.

 

“Bloomberg”in məlumatına görə, bu bəyanat Zelenskinin Aİ-ni Moskvaya qarşı daha da sərt məhdudiyyətlər qoymağa çağırmasından sonra verilib. Mişel jurnalistlərə bildirib ki, sanksiyalarla bağlı hər müzakirə əvvəlkindən qat-qat çətin olur:

 

“Prezident Zelenski ilə söhbət etdik və mən həmkarlarıma Ukraynanın təkliflərinin nədən ibarət olduğu barədə məlumat verəcəm. Bizə məsləhətləşmə üçün vaxt lazımdır. Əminəm ki, Kremlə təzyiqləri artıra biləcəyik”.

 

Mişel əlavə edib ki, Aİ Moskvaya qarşı onuncu sanksiyalar paketini qəbul etməyə davam edəcək: “Gələcəkdə hansı əlavə sektorların hədəfə alına biləcəyinə baxmalıyıq”.

 

Məlumata görə, Zelenski Brüsseli Rusiyanın nüvə sənayesini, o cümlədən Rusiyanın raket proqramında iştirak edən bütün təşkilatları hədəf almağa çağırıb. Eyni zamanda o, Rusiya enerjisinin ixracına tamamilə qadağa qoyulmasını tələb edib.

 

Xatırladaq ki, əvvəllər Aİ rəhbərliyinin Rusiya neft və qazından tamamilə imtina etmək cəhdləri bir sıra ölkələrin müqaviməti ilə üzləşmişdi.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR